BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyası (AzTV) tərəfindən “Səslənən irsimiz” adlı yeni layihə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsinin tanıdılmasıdır.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə bildirilir ki, “layihə çərçivəsində müxtəlif tarixi abidələrin qarşısında muğam, klassik, rok, estrada və digər janrlarda musiqi ifaları, eləcə də ayrı-ayrı rəqs nömrələri təşkil edilərək lentə alınacaq. Həmin videomateriallar mediada və sosial şəbəkələrdə yayımlanacaq. Layihə üzrə ilk çəkiliş “Qarabağ” muğam triosunun iştirakı ilə Kiçik Mərdəkan qəsrində aparılıb. Xalq artisti Mənsum İbrahimov XIII-XIV əsrin yadigarı olan qəsrin qarşısında muğam və təsnifləri səsləndirib. Həmin ifanın lent yazısı aprelin 18-də – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə AzTV-də yayımlanacaq”.