BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin (SN) təsdiq olunan Əsasnaməsinə uyğun olaraq respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM), onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “lakin son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini SN RGEM, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir. Bununla bağlı Nazirlik bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən 02.07.2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Qanunu ilə tənzimlənir. Bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər”.
Nazirlik qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırıb ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü SN-nin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda Nazirliyin 9103, RGEM-nin (012) 421 13 93 nömrəli qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.