Son yeniləmə: 15 Aprel 2024 16:44
Vüqar Bayramov: Orta Doğudakı hərbi toqquşmalar dünya bazarında neftin qiymətlərinə də təsir edir
BAYRAQDAR MEDİA – “Bütövlükdə son vaxtlar məhz regional münaqişələr fonunda biz dünya neft bazarında qiymətlərin artmasını müşahidə edirik. Praktik olaraq brend markalı neftin qiymətində son dövrlər artımlar davam edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə bir aylıq qiymətlərə baxanda da bu özünü açıq şəkildə görünür: “Biz neftin son bir aylıq qiymətlərinə baxanda görürük bir ay öncə brend markalı neftin 1 barelinin qiyməti 85 dollar idisə, bu gün artıq həmin qiymət 92 dollara qədər yüksəlib. Bu da birbaşa onunla bağlıdır ki, bir tərəfdən neftə tələbin artması müşahidə olunur, digər tərəfdən isə biz münaqişələrin neft bazarına təsirini müşahidə edirik”.
V.Bayramov deyib ki, bu kontekstdə İranın İsrailə hücum cəhdindən sonra yaranmış vəziyyət də dünya neft bazarında qiymətlərə təsir edə bilər: “Düzdür, istehlakçı ölkələr qiymət artımının qarşısını almaq üçün prementiv addımlar atmağa çalışırlar. Amma təbii ki, Orta Doğuda baş verən istənilən münaqişə neftin dünya bazarındakı qiymətinə təsirsiz ötüşmür”.
Millət vəkilinin sözlərinə görə, baş verənlərin Azərbaycana təsiri ölkə büdcəsinə daha çox valyutanın daxil olmasına səbəb ola bilər: “Dünya bazarında neftin qiymətinin artması Azərbaycan neftinin də daha baha qiymətə satılmasına və dövlət büdcəsinə daha çox valyutanın daxil olmasına təkan verir. Yəni bu, bir tərəfdən Azərbaycanın valyuta ehtiyatlarının artmasına, digər tərəfdən isə fiskal gəlirlərimizin çoxalmasına imkan yaradır”.