Son yeniləmə: 14 Aprel 2024 20:38
BAYRAQDAR MEDİA / YENİ ÇAĞ – Qardaş Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan mədəniyyətinin təbliği günləri Festivalı öz işinə başlayıb. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Orta Asiyada Azərbaycan Mədəniyyətinin təbliğinə çağırışlar – Bişkek Festivalı” Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilir.
Türkiyə və Azərbaycanın Bişkekdəki diplomatik təmsilçiliklərinin əməkdaşları, Manas Universitetinin rəhbər heyəti, Qırğızıstan Axıska Türkləri Dərnəyi, Qırğızıstandakı Azərbaycan diaspor liderləri, sözügedən Universitetin müəllim və tələbə heyətinin iştirakı ilə festivalın açılış mərasimi hər üç ölkənin himnlərinin oxunması ilə başlayıb.
Manas Universitetinin prorektoru, Prof. Mehmet Sezai Türk açılış çıxışında üç qardaş ölkənin bu universitetdə bir araya gəlməsindən böyük şərəf hissi keçirdiyini bildirib. O, festival boyunca Azərbaycan mədəniyyəti və kinosunun təbliğinin vacibliyinə diqqət çəkib. Prorektor çıxışında Qarabağ zəfərindən, Ulu Öndər Heydər Əliyevin “bir millət – iki dövlət” sözlərindən bəhs edib, Bəxtiyar Vahabzadənin şeirlərindən sitat gətirib.
Açılış mərasimində çıxış edən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı çıxışına, “Biz oğuzuq, qıpçağıq, qazaxıq, qırğızıq, türkmənik, türkük” sözləri ilə başlayıb, türk dünyasının ortaq mədəniyyətə malik olduğunu qeyd edib.
Bişkek Festivalı layihəsinin rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin “Biz böyük türk ailəsinin üzvüyük” sözləri ilə başlayıb və Altaylardan Qafqazlara qədər coğrafiyadakı türklərin birlik və bərabərliyinin önəmini vurğulayıb.
A.Ələsgər türk dünyasını bir araya gətirən layihələrə ehtiyac olduğunu bildirərək, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin Bişkek Festivalının keçirilməsinə dəstək olan Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycanın Qırğızıstandakı səfirlyinə, Qırğızıstan-Türkiyə Manas Universitetinə, “İpək yolu” İctimai Diplomatiya Vəqfinə öz təşəkkürünü bildirib.
“İpək yolu” İctimai Diplomatiya Vəqfinin başqanı Seyfullah Türksoy da çıxışında mədəniyyətin türk dünyasını bir araya gətirən ən önəmli faktor olmasına diqqət çəkərək, “Azərbaycan sənəti, mədəniyyəti, musiqisi, rəsmi, heykəltəraşlığı, kinosu ilə çox inkişaf etmiş xəzinədir” söyləyib.
Azərbaycanın Qırğızıstandakı konsulu Şahin İsgəndərov da çıxışında ortaq türk dilinin və mədəniyyətinin inkişafına diqqət çəkib. Konsul Qarabağ zəfərinin türk dünyası üçün yeni mərhələnin açarı olduğunu vurğulayıb.
Açılış mərasimi Ulu Öndərin həyatından bəhs edən “Xatirələr işığında Heydər Əliyev” sənədli filmi və Festivalda yayımlanacaq filmlərin anonsu ilə başa çatıb.
Qeyd edək ki, üç gün davam edən Festival çərçivəsində Azərbaycanın “Dədə Qorqud”, “Dolu” və “Fəryad” filmləri tələbələr üçün davamlı olaraq Sinema Salonunda yayınlanacaq.
Eyni zamanda, Manas Universitetində Azərbaycan mədəniyyətindən və tarixindən bəhs edən sərgi də Festival boyu şagirdlərin ixtiyarında olacaq.