Son yeniləmə: 14 Aprel 2024 20:48
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Real Təhlil İnformasiya Mərkəzinin proqramlaşma departamentinin müdiri, “Cinema Radio” Kino Radio Kanalının rəhbəri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımov Los-Ancelesdə Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası və Televiziya Fondunun təsis etdiyi 43-cü Kollec Televiziya Mükafatlarının (College Television Awards) təqdimetmə mərasimində münsiflər heyətinin üzvü kimi iştirak edib.
Xəbəri BAYRAQDAR MEDİA-ya Kamran Qasımov verib.
Bildirilir ki, təqdimat mərasimindən sonra Kamran Qasımov nominasiyalar üzrə qalib gəlmiş tələbələr, eləcə də Akademiyanın üzvləri ilə müzakirələr aparıb, bu mükafatın vacibliyini və əhəmiyyətini vurğulayıb.
Qeyd edilir ki, Kamran Qasımov ötən il də Kollec Televiziya Mükafatlarının münsiflər heyətində təmsil olunub. Bu Mükafatlar ilk dəfə 1979-cu ildə təqdim edilib. Mükafatın əsas məqsədi kino və televiziya sahələri üzrə təhsil alan tələbələrin, yaxud məzunların fəaliyyətini stimullaşdırmaq, onları yeni layihələrin yaradılmasına təşviq etməkdir.
O da bildirilir ki, Kamran Qasımov “Deadline Hollywood” jurnalı və Amerika Rejissorlar Gildiyasının birgə təşkilatçılığı ilə keçirilən “Televiziya iddiaçıları” (Television Contenders) Forumunda iştirak edib. Forumda ABŞ televiziya şəbəkəsində yayımlanan TV-şoularla bağlı fikir mübadiləsi aparılıb. Forumun panel müzakirələrinə Codi Foster, Kurt Rassel, Kifer Sazerled və digər dünya ulduzları qatılıblar.
Əlavə olaraq bildirilir ki, səfəri iş adamı Azər Əsgərov maliyyələşdirib.