BAYRAQDAR MEDİA – Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AQMƏVŞAİB) Yasamal rayon təşkilatının rəhbərliyi ilə bir qrup şəhid ailə üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “görüş zamanı fondun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə qonaqlara fond haqqında məlumat verib. O, Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan fondun əsas məqsədini nəzərə çatdırıb, Qarabağ müharibəsinə həsr olunan sənədlərin fondda sistemli şəkildə toplanaraq mühafizə edildiyini vurğulayıb. Fondla tanışlıq zamanı qonaqlar Ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, 50-ə yaxın müharibə iştirakçısının fotoşəkillərindən ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan xəritəsi üzərində 3 minə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olub, 600-dən artıq şəhid, qazi və müharibə iştirakçılarının həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar”.
Daha sonra xəbərdə qeyd olunur ki, “İctimai Birliyin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev fondla tanışlıqdan məmnunluğunu ifadə edib. O, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq, Ulu Öndər tərəfindən əsası qoyulan bu siyasətin bu gün də ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib”.
Görüşün sonunda R.Səfərzadəyə təşkilatın fəxri fərmanı təqdim edilib.