Ağdaban faciəsinin ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə açıq məktub
BAYRAQDAR MEDİA – Ermənistan zaman-zaman Azərbaycana qarşı misli görünməmiş cinayətlər törədib. Belə cinayətlərdən biri də Ağdaban faciəsidir. 1992-ci il aprelin 7-8-də Kəlbəcər rayonun Ağdaban kəndində törədilən misli görünməmiş cinayətin təqsirkarları hələ layiqli cəzaların almayıblar.
Bu arada isə Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri Kəlbəcərdən beynəlxalq ictimaiyyətə açıq məktub ünvanlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya verilən məlumata görə məktubda deyilir: “Biz – 1992-ci il aprelin 7-8-də Kəlbəcərin Ağdaban kəndində Ermənistanın hərbi birləşmələrinin soyqırımına məruz qalan dinc azərbaycanlı sakinlər, kütləvi qırğının canlı şahidləri, həmin hadisədə ailə üzvlərini, doğmalarını, evlərini itirən şəxslər və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, sizə açıq məktubla müraciət edərək ədalət tələb edirik!”
Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb
Məktubda qeyd edilib ki, “Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 5 nəfər isə girov götürülüb.
Faciə zamanı Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndələri – Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb”.
Bu, heç bir dinə, mənəviyyata sığmayan vandalizm aktıdır
Məktubda daha sonra vurğulanıb: “Bu gün biz doğma torpağımızda – Ağdabandayıq. Biz Sizə işğal dövründə Ermənistan tərəfindən tamam viran edilmiş, dağıdılmış kənddən müraciət edirik. Burada Aşıq Şəmşirin məzarı daxil olmaqla, kənd qəbristanlığındakı məzarlar dağıdılıb, qəbristanlıqlar minalanıb. İşğal dövründə Ermənistan Azərbaycan ərazisində məscidləri uçurub, içərisində donuz, mal-qara saxlayıb, onlarla məscidi yerlə-yeksan edib. Bu, heç bir dinə, mənəviyyata sığmayan vandalizm aktıdır. Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır”.
Bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik
Məktub müəllifləri bildiriblər ki, “Fransanın, Avropa Birliyinin Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür dəstək verməsi bizi hiddətləndirir. Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik! Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib”.
Bütün bunlar Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi
Məktub aşağıdakı sözlərlə tamamlanır: “Ötən dövr, 2020-ci ildəki 44 günlük müharibə, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı da göstərdi ki, bütün bunlar Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi. Biz Ağdaban icması və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyuruq. Onun qətiyyətli siyasəti, müdrik liderliyi nəticəsində Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi, respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Azərbaycan xalqı ən böyük arzusuna çatdı. Biz Prezident İlham Əliyevin siyasətini tam müdafiə edir və alqışlayırıq!”