BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) “Böyük Qayıdış” proqramı çərçivəsində müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədi ilə işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirlər çərçivəsində əhalinin tibbi bilik və məlumatlıqlarının artırılması məqsədi ilə sağlam həyat tərzi mövzularında maarifləndirici aksiyalar və təqdimatlar keçirilir. Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir aprelin 6-da Laçın şəhərində keçirilib. Aksiya zamanı SN Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən “Ağciyər xəstəliklərinin erkən aşkarlanması” proqramı çərçivəsində rayon əhalisinə tibbi xidmətlər göstərilib. Aksiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir Laçın rayon sakinlərinin sağlamlığının qorunmasında dəstək və yardım göstərməsi, həmçinin ağciyər sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə məqsədini daşıyır”.
Daha sonra xəbərdə deyilir ki, “İnstitutun direktoru İradə Axundovanın başçılığı ilə müəssisənin bir qrup həkim briqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən əhalinin ətraflı müayinəsi aparılıb. Diaqnostik müayinələrdən döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının spiroqraf vasitəsilə müayinəsi təşkil olunub. Eyni zamanda, Elektrokardioqramma (EKQ), Exokardioqrafiya (EXO-KQ), Mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb. Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. Aksiya zamanı 150-ə yaxın Laçın sakini hər biri ayrı-ayrılıqda 5 müayinədən keçiblər. Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı Laçın ictimaiəti üçün maarifləndirici tədbir təşkil olunub. Tədbirdə İ.Axundova ətraflı təqdimatla çıxış edib. Onun sözlərinə görə, vaxtında aparılan diaqnostika və müntəzəm profilaktik müayinə xəstəliyin qarşısını almağa və ya patologiyanın inkişafının erkən mərhələsində müalicəyə başlamağa kömək edir”.
Xəbərdə, həmçinin “İnstitutun həkim-ftiziatrı Aysel Aslanova “Ağciyərlər xəstəlikləri haqqında nə bilirik” mövzusunda təqdimatla çıxış edib. Tədbirdə vərəm, bronxial astma, pnevmoniya, tütün çəkmə ilə bağlı xəstəliklərdən, həmin xəstəliklərin ilkin diaqnostikası, klinikası və ilkin əlamətləri barədə ümumi məlumat təqdim edilib. Daha sonra İnstitunun skrininq məqsədi ilə istifadə etdiyi ən müasir müayinə üsullarından olan “smart” rentgen aparatı haqqında bilgilər verilib. Eyni zamanda, tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası haqqında faydalı məlumatlar verilib, maarifləndirici vizual materiallar paylanılıb” deyə bildirilir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, SN tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.