BAYRAQDAR MEDİA – Son günlər bir gəncin bir ABŞ universitetinə qəbul olunması, amma orada oxumaq üçün yetərincə pulunun olmaması xəbəri tirajlanır. Hələ çağırışlar da edilir ki, bu gəncə mütləq kömək etmək lazımmış.
Niyə? Şəxsən mən anlamıram.
Gənclərimiz imkanları çatan yerlərdə oxusunlar da. İmkanın çatmırsa, niyə məhz o cür bahalı yerdə oxumaq istəyirsən?
Hələ iddia edilir ki, çox istedadlı gəncmiş. Azərbaycanda o cür istedadlı gənclər minlərlə, yeri gələndə yüz minlərlədir. İndi nə edək, millətcə yığışıb onları mütləq xaricə göndərək ki, lap bahalı yerlərdə oxusunlar?
Bu nə zehniyyətdir ümumiyyətlə?
Bizim də iki uşağımız var. Ayağımızı yorğanımaza görə uzadıb hər ikisini adi dövlət məktəbində oxutmuşuq. O deyirlər ha, dövlət məktəbində təhsil yoxdur-filan. Onlara deyim ki, bizim uşaqlarımızın ikisi də ən adi dövlət məktəbini əlaçı bitiriblər, universitetə qəbul olunublar.
Uşağımızın biri Bakıda bakalavr təhsili aldıqdan sonra onu qardaş Türkiyəyə göndərdik, magistr təhsili aldı. Öz hesabımıza etdik bunu. Heç kimə də ağız açmadıq, çöllərə düşmədik ki, uşağımız mütləq gedib ABŞ və ya Avropanın hansısa bahalı universitetində oxumalıdır. Yəni gücümüz çatanı elədik. Türkiyəyə də gücümüz çatmasaydı Bakıda oxudacaqdıq uşağımızı. Daha durub TV-lərə çıxıb pul dilənəsi deyildik.
İkinci uşağımız da universitetin bakalavr pilləsini bu il bitirir. İmkan olsa, onu da xaricdə magistr təhsili almağa göndərmək fikrimiz var. Amma yenə də kiməsə əl açmırıq, yalvarmırıq. Nəyə gücümüz çatacaqsa, onu da edəcəyik.
Bütün bunlarla bərabər onu demək istərdim ki, hər iki uşağımız universiteti də yüksək qiymətlərlə oxuyub, istedad sarıdan da problemləri yoxdur.
Yəni demək istəyirəm ki, biz də heç kimdən artıq deyilik ki, özümüzü qaldırıb dağ başına qoyaq və iddia edək ki, uşaqlarımız mütləq ABŞ-də, ən bahalı universitetdə oxumalıdır.
Oxuyan elə Bakıda da oxuya bilər. Savad, istedad varsa, elə burda da özünü göstərəcək. Ona görə də heç kim millətə minnət qoymasın ki, “istedadlı” uşağın oxumasına yardım edilmir. Heç kimin uşağı millətin minlərlə başqa uşaqlarından artıq deyil…