Son yeniləmə: 5 Aprel 2024 13:10
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində yaxın günlərdə əmək bazarının tələblərinə uyğun olaraq daha 3 peşə üzrə hazırlıq kursları da təşkil ediləcək.
Bu barədə Nazirliyin məlumatında qeyd olunub.
Bildirilib ki, “həmin kurslar fotoqrafiya, avadanlıqların (kompüter, telefon, planşet, televizor və s.) təmiri və manikür peşələri üzrə olacaq və 3-6 ay davam edəcək. Bununla yanaşı, Mərkəzdə floristika, bədii tikmə və dizayn üzrə dərnəklər də təşkil ediləcək. Habelə sosial-psixoloji ünsiyyət, rəqs, musiqi və peşə istiqamətləri üzrə terapiyaların tətbiqi də nəzərdə tutulub”.
Məlumata görə, hazırda Peşə-əmək Reabilitasiyası Mərkəzində 15-29 yaşlı əlilliyi olan şəxslərin 10-dan çox istiqamət (kompüter istifadəçisi, dərzilik, toxuculuq, ağac üzərində oyma, qadın bərbəri, kişi bərbəri, rəssamlıq, xalçaçılıq və s.) üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir: “Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar”.