Son yeniləmə: 4 Aprel 2024 11:14
Emin Həsənli: Səfərin xüsusilə də aprelin 5-də keçirilməsi gözlənilən ABŞ-AB-Ermənsitan formatlı görüşdən bir neçə gün öncəyə təsadüf etməsi nəzərdən qaçmamalıdır
BAYRAQDAR MEDİA – “Bu, danılmaz bir həqiqətdir ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəhbərliyi ilə qardaş ölkədə çox böyük uğurlar qazanılıb. Bu uğurlar hərbi sahədə və müdafiə sənayesində xüsusilə diqqət mərkəzindədir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
O, qeyd edib ki, bu gün qardaş ölkənin silahlı qüvvələrinin təhcizatının 80 faizini yerli və milli istehsal məhsulu olan hərbi texnika, silah-sursat təşkil edir: “Bu da məhz Recep Tayyip Erdoğanın qətiyyətli və milli maraqlara əsaslanan siyasəti nəticəsində mümkün olub. Çünki o hakimiyyətə gələnə kimi silahlı qüvvələrin hərbi texnika və silah-sursat sarıdan təhcizatının cəmi 20 faizi yerli istehsal məhsulu idi. Özü də son illər bu sahədə Türkiyə inanılmaz uğurlara imza atıb. Təkcə quruda deyil, havada və suda da istifadə edilən hərbi texnikaların mütləq əksəriyyəti yerli və milli istehsal məhsuludur. Bura təyyarələr, SİHA və İHA-lar, helekopterlər, tank, top, hərbi gəmi və s. daxildir”.
E.Həsənlinin sözlərinə görə, artıq bu hərbi texnikaya, xüsusilə də “Bayraktar”lara xaricdə də ciddi tələbat var:: “Bu da onların İkinci Qarabağ, Rusiya-Ukrayna müharibələrində, həmçinin Suriyada uğurla sınaqdan çıxması ilə əlaqədardır. Bir sözlə, bu gün Türkiyənin hərbi qüdrətinin artmasını müşahidə edirik. Bu isə Azərbaycanı da sevindirir. Çünki bu qüdrətdən, bu uğurdan bizə də pay düşür”.
Ekspert əlavə edib ki, Türkiyə-Azərbaycan qardaşlığı və əlaqələri bu gün özünü müdafiə sənayesindəki yüksək səviyyəli əməkdaşlıqda da nümayiş etdirir: “Türkiyə Cümhurbaşqanlığı Müdafiə Sənayesi Komitəsinin sədri Prof. Dr. Haluk Görgünün rəhbərliyi ilə bu sahənin təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana son səfərini də bu prizmadan qiymətləndirmək olar. Məlumat üçün bildirim ki, nümayəndə heyətinin tərkibinə Türkiyənin dünya nəhəng şirkətlərinin nümayəndələri daxil olub. Bunlar “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyol, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataş, “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacar, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleş, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçi, “ROKETSAN” şirkətinin baş direktoru Murat İkinci, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüz, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi – TUSAŞ” şirkətinin baş direktoru Temel Kotil idi. Bu da səfərə verilən dəyərin nəticəsi kimi qəbul oluna bilər. Məlumata əsasən səfər Türkiyənin müdafiə sənayesi şirkətləri ilə Azərbaycan arasında mümkün yeni layihələrlə əməkdaşlıq potensialının inkişafı və dərinləşməsinə zəmin yaratmaq məqsədi daşıyıb”.
Türkiyə mediasından Prof. Dr. Haluk Görgünün səfərinə xüsusi diqqət
E.Həsənli deyib ki, bu səfər həm də dünya ölkələrinə bir mesaj kimi dəyərləndirilə bilər: “Hesab edirəm ki, bu səfər son vaxtlar Ermənistan üzərindən Azərbaycana təzyiq etməyə çalşan xarici güclərə, bəlli ölkələrə bir xəbərdarlıq mesajı kimi də dəyərləndirilə bilər. Səfərin xüsusilə də aprelin 5-də keçirilməsi gözlənilən ABŞ-AB-Ermənsitan formatlı görüşdən bir neçə gün öncəyə təsadüf etməsi nəzərdən qaçmamalıdır. Hesab edirəm ki, bu səfərlə Türkiyə bir daha bütün dünyaya “Azərbaycan tək deyil” mesajını vermiş oldu”.