Son yeniləmə: 4 Aprel 2024 20:02
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın ilk qadın hərbi müxbiri, Əməkdar jurnalist Əntiqə Qonağın xaçmazlı döyüşçülərə həsr olunmuş “44 günlük savaşın 444 cəngavəri” adlı 3 cildlik kitabının təqdimatı keçirilib.
Təqdimata BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət moderatorluq edib. O, giriş nitqində kitab haqqında danışıb, bildirib ki, 3 cildlik bu əsərin 2 cildi ötən il, 3-sü isə bu il dərc edilib.
Daha sonra ev sahibi qismində MEK-in direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Tahirqızı qonaqları Kitabxananın direktoru, texnika üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynovun adından salamlayaraq Xaçmaz döyüşçülərinə həsr olunmuş kitabın təqdimatının məhz burada keçirilməsini əhəmiyyətli hadisə kimi qeyd edib.
Şəhidlərin xatirəsinə sayğı duruşunun ardından söz iştirakçılara verilib. İlk sözü Milli Məclisin deputatı Vahid Əhmədov söyləyib. O, kitab və onun müəllifi ilə bağlı fikirlərini səsləndirdikdən sonra özünün də iştirak etdiyi bir sıra proseslər haqqında maraqlı məlumatlar verib.
Vahid Əhmədov hələ 1990-cı illərin əvvəlində bəzi şəxslərin orduda da hərc-mərclik yaratmasına toxunaraq vurğulayıb ki, belə bir durumda da Azərbaycan oğulları mərdliklə vuruşub.
Deputat Ulu Öndər Heydər Əliyevin torpaqların işğaldan azad edilməsi üçün atdığı addımlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində əldə edilmiş Zəfər və onun qazanılmasında rolu olanlara göstərilən qayğıdan danışıb.
Digər bir deputat Vüqar İskəndərov da çıxışında son illər vətənpərvərlik ruhunu ehtiva edən kitabların nəşr olunmasının sevindirici hal olduğunu qeyd edib. O, bildirib ki, nəsillər dəyişsə də insanlardakı milli ruh eynidir. Millət vəkili bu tip kitabların yazılmasına böyük ehtiyac olduğunu deyib, eyni zamanda bu kitabların xarici dillərə də çevrilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə 44 günlük savaşın qazisi, Xaçmaz rayon icra hakimiyyətinin nümayəndəsi, mayor Tariyel Didarov, 1-ci Qarabağ savaşının qazisi Babək Qoca, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Milli Qəhrəman oğlu Emin Hüseynli, döyüşçü, prokuror Fərman Rzayev, prokuror Zahid Vəliyev, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva və digərləri çıxış edərək təqdimatı keçirilən kitabın əhəmiyyətindən danışıblar, Əntiqə xanıma belə bir kitab ərsəyə gətirdiyi üçün təşəkkür ediblər.
Sonda nəşrin müəllifi Əntiqə Qonaq kitabın necə ərsəyə gəlməsi ilə bağlı məlumat verib. O, kitabda haqqında yazdığı Vətən müharibəsi iştirakçılarından bəhs edib. Çıxışının sonunda müəllif Bakıda ilk dəfə kitab təqdimatının keçirildiyini deyərək iştirak edən, eləcə də çıxış edən hər kəsə dərin minnətdarlığını ifadə edib.