Son yeniləmə: 3 Aprel 2024 20:11
BAYRAQDAR MEDİA – Aprelin 3-də Energetika Nazirliyi yanında İctimai Şuranın üzvləri Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirmə görüşü keçirib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.
Bildirilir ki, görüşün mövzusu gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi, Azərbaycanın bu prosesdə oynadığı rol və cəmiyyətin gözləntiləri ilə bağlı olub.
Məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət açılış nitqində hər şeydən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhunu şad etmək üçün sayğı duruşu elan edib. Daha sonra o, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqına zəfər sevinci yaşatmış bütün Vətən oğul və qızlarına minnətdarlıq ifadə edib.
Bundan sonra sözügedən Şuranın sədri Şaban Nəsirov çıxış edib. O, tədbir iştirakçılarına görüşə gələn heyəti təqdim edib, mövzu ilə bağlı maraqlı fikirlərini səsləndirib.
Ardından da sözügedən Nazirliyin mətbuat katibi Cahid Mikayılov qurumun bu istiqamətdə fəaliyyəti barədə çox maraqlı məlumatlarla çıxış edib. Onun çıxışı şagirdlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb.
Şuranın üzvü Sadiq Həsənov isə istilik elektrik stansiyalarının ətraf mühitə təsiri, qurumun katibi Samir Həsənov bərpa olunan enerji mənbələri və elektrik enerjisi, suya qənaət, Şura sədrinin müavini Mehriban Abdullayeva isə İctimai Şuranın bu istiqamətdə gördüyü işlər barədə maraqlı çıxışlar edib.
Görüş mövzulara aid sual-cavabla davam edib, şagirdlərin fəallığı diqqət çəkib.
Xəbərdə o da bildirilir ki, qonaqlar Azərbaycanda elan edilmiş “2024 – Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbyanı sahədə ağac əkmə aksiyasında iştirak edib.