Son yeniləmə: 3 Aprel 2024 14:00
BAYRAQDAR MEDİA – Monreal şəhərində yerləşən ConAbot (JohnAbbott) Kollecində keçirilən və 40-a yaxın ölkənin iştirak etdiyi Multikultural festivalda Azərbaycan da təmsil olunub. Həmin kollecdə təhsil alan, Monreal-Kanada Azərbaycan Cəmiyyətinin fəal üzvlərindən olan, azərbaycanlı tələbələr Şahanə və Fidan Abdullazadələr festivalda Azərbaycana aid guşə yaradıblar.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, “guşədə Azərbaycanın tarixi abidələrini əks etdirən suvenirlərlə yanaşı, milli mədəni irsimizə aid nümunələr, o cümlədən milli kulinariyamıza xas yemək və şirniyyatlar tədbir iştirakçılarına təqdim olunub. Soydaşlarımızın bu təşkilatçılığı kollecin rəhbərliyi, müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirib. Şahanə və Fidan Abdullazadələr festival iştirakçılarına Azərbaycanın tarixi, coğrafiyası, Xarıbülbül simvolunun mənası haqqında ətraflı məlumat verib, Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operettasından bir səhnəni nümayiş etdiriblər”.
Qeyd edək ki, Monreal-Kanada Azərbaycan Cəmiyyətinin fəal üzvlərindən olan Şahanə və Fidan Abdullazadə bacıları vətənpərvər soydaşlarımızdandır və Monrealda keçirilən müxtəlif tədbirlərdə, festivallarda ölkəmizin tanınmasında və təbliğində ailəliklə fəal iştirak edirlər.