Press "Enter" to skip to content

TÜİB-dən növbəti yaddaqalan tədbir

Mərasim zamanı

Son yeniləmə: 2 Aprel 2024 12:38

Hüseyin Büyükfırat: TÜİB olaraq türk dünyasının qapısı rolunu oynayan Azərbaycanda üzərimizə düşəni etməyə çalışırıq

BAYRAQDAR MEDİA – Aprelin 1-də Bakıda Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyinin (TÜİB) təşkilatçılığı ilə növbəti ənənəvi iftar proqramı təşkil olundu.

BAYRAQDAR MEDİA xəbər verir ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) prezidenti Məmməd Musayev, Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədrinin müavini Mətin Əsgər, millət vəkilləri, rəsmi şəxslər, iş adamları, ictimaiyyətin nümayəndələri və media təmsilçiləri iştirak edirdi.

Həmçinin şəhid və qazilərin ailə üzvləri iftar yeməyinə fəxri qonaq olaraq dəvət edilmişdi.

Son vaxtlar türk dünyasının inkişafının, daha da dərin inteqrasiyasının şahidi oluruq

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə qonaqları salamlayan TÜİB İdarə heyətinin sədri Hüseyin Büyükfırat Ramazanın birlik və həmrəylik ayı olduğunu bildirdi.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Çıxışında Azərbaycana 32 il əvvəl gəldiyini deyən H.Büyükfırat həmin vaxtdan bəri ölkənin böyük inkişafının şahidi olduğunu bildirib:“Azərbaycan indi qüdrətli ölkədir. Eyni zamanda biz son vaxtlar türk dünyasının inkişafının, daha da dərin inteqrasiyasının şahidi oluruq. Bu məsələdə Türkiyə və Azərbaycanın birgə addımlaması bizi xüsusilə mənun edir. Biz də TÜİB olaraq türk dünyasının qapısı rolunu oynayan Azərbaycanda üzərimizə düşəni etməyə çalışırıq. Bütün fəaliyyətimizi bu müqəddəs amal uğrunda atılan addımlara kökləmişik”.

TÜİB üzvləri Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verirlər

Çıxışda qeyd olundu ki, sıralarında Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, şirkətləri və idarəçilərini birləşdirən TÜİB 2016-cı ildən fəaliyyətə başlayıb: “Azərbaycanın biznes cəmiyyətinin aktiv üzvünə çevrilmiş TÜİB-in üzvləri tikinti, istehsal, infrastruktur, qida sənayesi, ticarət sənaye, xidmətlər, turizm, ictimai iaşə, məsləhət xidmətləri, tibb, əczaçılıq və sair sahələrdə fəaliyyət göstərərək ölkə iqtisadiyyatına və Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verirlər”.

TÜİB sosial layihələrin icrasında ön sıralarda gedir

Çıxışı zamanı TÜİB-in həyata keçirdiyi sosial layihələr barədə də məlumat verən H.Büyükfırat qeyd edib ki, ümumiyyətlə hər bir iş adamı, hər bir şirkət bu məsələyə xüsusi diqqət ayrımalıdır: “Azərbaycan-Türkiyə əlaqələri sıradan əlaqələr deyil. Bunun tarixi, dini, milli, mədəni kökləri var. Biz iş adamları da bu köklərə bağlı olaraq öz fəaliyyətimizi qurmaqla yanaşı ulularımızdan bizə miras qalan xeyriyyəçiliyi də unutmamalıyıq. Şəxsən mənim və ümumilkdə TÜİB üzvlərinin qənaəti budur ki, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları bura sadəcə bir iş yeri, sərmayə yatirib, pul qazanmaq yeri kimi baxmamalıdırlar. Bizlər sosial fəaliyyətləri də daim ön sırada tutmalı, sosial layihələrin icrasına dəstək verməli, bəzən isə özümüz bu təşəbbüslə çıxış etməliyik. TÜİB olaraq sosial məsuliyyətimizi də dərk edir, sosial layihələrin icrasında ön sıralarda gedirik”.

“Bu bizim mənəvi borcumuzdur”

TÜİB rəhbəri bu istiqamətdə şəhid ailələri və qazilərə xüsusi diqqət göstərildiyini deyib: “Bununla bağlı gördüyümüz işlər cəmiyyətə yaxşı məlumdur. Mən onları bir-bir sadalamaq istəmirəm. Sadəcə olaraq onu bildirim ki, şəhid ailələri və qazilərlə bağlı atdığımız addımlara görə hər hansı təşəkkür gözləmirik. Kimsə də bizə buna görə təşəkkür edəndə cavabımız “Bu bizim mənəvi borcumuzdur” olur”.

Hüseyin Büyükfırat mərasimdə çıxış edərkən
Hüseyin Büyükfırat mərasimdə çıxış edərkən

Çıxışda o da qeyd olunub ki, TÜİB Türkiyə və Azərbaycan arasında biznes və iqtisadi əlaqələrin genişlənməsi, eləcə də Azərbaycana dəstəklə bağlı çoxsaylı ciddi layihələr reallaşdırmaqdadır.

Daha sonra iftar tədbiri ilə bağlı Türkiyənin ticarət naziri Prof.Dr.Ömer Bolat, Türkiyə Cümhurbaşqanınin Maliyyə Ofisinin rəhbəri Prof.Dr.Göksel Aşan və Ak Parti Genel Başkan yardımcısı, Trabzon millət vəkili Mustafa Şenin məktubları oxundu.

TÜİB öz səmərəli fəaliyyəti ilə hər zaman fərqlənir

Tədbirdə çıxış edən DSMF idarə heyətinin sədrinin müavini Mətin Əsgər TÜİB ilə birgə həyata keçirilən “Qardaş Ailə” layihəsinin Azərbaycan və Türkiyə şəhid ailələrini və qaziləri bir araya gətirərək mənəvi dəstəyin göstərilməsi, qardaşlıq bağlarının daha da möhkəmləsinə xidmət etdiyini bildirdi.

Tədbirin sonunda TÜİB-in həyata keçirdiyi layihələrə dəstəkgöstərən dövlət qurumları və TÜİB üzvlərinə plaketlər təqdim edilib
Tədbirin sonunda TÜİB-in həyata keçirdiyi layihələrə dəstək göstərən dövlət qurumları və TÜİB üzvlərinə plaketlər təqdim edilib

Qeyd edildi ki, TÜİB öz səmərəli fəaliyyəti ilə hər zaman fərqlənir.

Səmimi və işgüzar ortamda davam edən tədbirin sonunda TÜİB-in həyata keçirdiyi layihələrə dəstək göstərən dövlət qurumları və TÜİB üzvlərinə plaketlər təqdim edildi.

Mission News Theme by Compete Themes.