Press "Enter" to skip to content

“Qərbi Azərbaycan” biblioqrafik göstəricisi çap olunub

Qərbi Azərbaycan

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) hazırladığı “Qərbi Azərbaycan” biblioqrafik göstəricisi işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının bəyan edilməsi ilə AMEA-da görülən mühüm işlərlə yanaşı, MEK tərəfindən ərsəyə gələn “Qərbi Azərbaycan” biblioqrafik göstəricisi özünün geniş əhatə dairəsi, ümumiləşdirmə imkanları və elmi əhəmiyyəti etibarilə seçilən ilk fundamental biblioqrafik nəşrdir. Bu, Azərbaycanda Qərbi Azərbaycan haqqında aparılmış çoxsaylı tədqiqatların, yazılmış monoqrafiyaların və məqalələrin elmi salnaməsi olmaqla, daha öncə aparılmış tədqiqatları ümumiləşdirərək bundan sonrakı araşdırmaların istiqamətləndirilməsi üçün əhəmiyyətli bələdçidir. Kitab Ümummilli Lider Heydər Əliyevin və İ.Əliyevin Qərbi Azərbaycana dair çıxışları ilə başlayır”.

Sonra xəbərdə, “biblioqrafik göstəricidə Qərbi Azərbaycana dair ədəbiyyatın biblioqrafiyası, eləcə də ictimai və humanitar, riyaziyyat, təbiət elmləri, səhiyyə texnika, kənd təsərrüfatı, incəsənət, dilçilik, linqvistika, filologiya, coğrafiya, tarix üzrə Azərbaycan, rus və digər xarici dillərdə kitab və məqalələr elm sahələri üzrə, xronoloji qaydada, əlifba sırası ilə qruplaşdırılıb. Dissertasiya və avtoreferatlar isə ayrıca bölmədə illər üzrə əlifba sırası ilə verilib. Nəşrdə, həmçinin AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Qərbi Azərbaycanın elmi salnaməsi” adlı məqaləsi də yer alıb” deyə bildirilir.

Nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli, redaktoru MEK-in direktoru, fəlsəfə üzrə elmlər doktoru, Prof. Məmməd Əliyev, tərtibçisi kitabxananın Baş biblioqrafı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, ixtisas redaktorları İnnovativ layihələr və metodiki təminat şöbəsinin rəhbəri Səyyarə Məmmədova və şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.

Göstərici tədqiqatçı alim və mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.