Son yeniləmə: 1 Aprel 2024 10:22
BAYRAQDAR MEDİA – Bolqarıstandan siyasi gərginlik davam edir. Bir qədər əvvəl parlamentdəki hər üç qrup hökuməti qurmaqdan imtina etdiyi üçün növbədənkənar seçkilər qaçılmaz olub. Lakin bunun üçün müvəqqəti hökumət qurulmalıdır.
Daha doğrusu parlamentdəki hər üç qrup hökuməti formalaşdırmaqdan imtina etdiyi üçün prezident növbədənkənar parlament seçkilərinin tarixini təyin etməli, həmçinin müvəqqəti baş nazir təyin etməlidir.
Çünki Konstitusiyaya bu yaxınlarda edilən əlavə və dəyişikliklərə əsasən, prezident müvəqqəti hökumətə rəhbərlik üçün Xalq Məclisinin sədri, Bolqarıstan Milli Bankının (BNB) direktoru və ya direktor müavini, Hesablama Məhkəməsinin sədri və ya sədr müavini, həmçinin Ombudsman və onun müavini arasında seçim edəcək.
Lakin bu məsələ də sanki düyünə düşüb.
Radio Bolqarıstan xəbər verir ki, Bolqarıstan Milli Bankının (BNB) direktor müavinləri Petar Çobanov, Radoslav Milenkov və Andrey Gyurov prezident Rumen Radevin müvəqqəti hökumətə rəhbərlik etmək təklifini qəbul etməyib.
Məlumata görə, öz növbəsində Ombudsman Diana Kovaçeva müvəqqəti baş nazir vəzifəsini icra edə bilməyəcəyini bəyan edib: “Müvəqqəti baş nazir üçün məsləhətləşmələr çərçivəsində Prezident Rumen Radev Ombudsman Diana Kovaçeva ilə görüşüb. D.Kovaçeva prezidentlə görüşündən sonra mətbuata açıqlamasında Avropa İnsan Haqları Məhkəməsində hakim seçildiyi üçün bu vəzifəni öhdəsinə götürə bilməyəcəyini deyib”.