Son yeniləmə: 1 Aprel 2024 12:24
Telman Nüsrətoğlu: Böyük dövlətlərin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına yanaşması fərqlidir
BAYRAQDAR MEDİA – “Heç şübhəsiz Güney Qafqazda indiyə qədər görünməmiş sülh imkanı yaranıbdır. Azərbaycan 44 günlük müharibədən sonra intensiv bir diplomatik mübarizə apardı. Hərbi-siyasi baxımdan da Ermənistanın sülhə məcburetmə əməliyyat apardı və bu gün Azərbaycanın 8 kəndinin geri qaytarılması xaricində sülh sazişinin imzalanması üçün elə bir əngəl qalmayıb. Görünən odur ki, Paşinyan iqtidarı da sovet sərhədlər içərisində yer alan bu kəndləri Azərbaycana qaytarmaqdan başqa alternativin olmadığın, daha doğrusu alternativin müharibə olduğunu və bunun da Ermənistan dövlətçiliyi üçün fəlakət yarada biləcəyini görür”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Rusiyanın maraqları Azərbaycanla normal münasibətlər sistemi qurmağı tələb edir
O, qeyd edib ki, böyük dövlətlərin sülh sazişinin imzalanmasına yanaşması isə fərqlidir: “Bu bir qədər mürəkkəb məsələdir. Çünki dünyanın böyük dövlətlərinin Güney Qafqazla bağlı maraqları toqquşur. Hətta deyərdim ki bu maraq toqquşması daha da şiddətlənib. Bu baxımdan öncə Rusiyaya nəzər yetirək. Biz bilirik ki, artıq sanksiyalar altında getdikcə daha da çətin duruma düşən, təcrid vəziyyətində qalan ölkəni və iqtisadaiyyatı xilas etmək üçün Rusiyanın Güney xəttinə böyük ehtiyacı var. Bu baxımdan da Rusiya Azərbaycanla uzlaşmaq, əməkdaşlıq siyasət izləmək məcburiyyətindədir. Rusiya, həmçinin Türkiyə ilə geniş coğrafiyalarda maraqlarını uzlaşdırmaq və mümkün işbirlikləri ortaya qoymaq məcburiyyətindədir. Bu mənada Rusiyanın maraqları Azərbaycanla normal münasibətlər sistemi qurmağı tələb edir. Biz isə sülh sazişinin imzalanmasından yanayiq”.
Rusiyanın Ermənistandakı maraqları müəyyən suallar yaradıb
Müsahibimiz bildirib ki, indiki halda Rusiyanın Ermənistandakı maraqları, Ermənistandakı strategiyası müəyyən suallar yaradıb: “Çünki Rusiya sülh sazişinin Ermənistanın öz nəzarətində qalması, Zəngəzur dəhlizində Rusiya təhlükəsiz qüvvələrinin təhlükəsizliyi təmin etməsi şərtiylə imzalanmasını istəyir. Batı isə bunu istəmir. Batı, yəni ABŞ və Avropa Ermənistanı Rusiyanın təsir dairəsindən xilas etməyə çalışır və Zəngəzur dəhlizində Rusiya təhlükəsiz qüvvələrin olmasına qəti etiraz edir. Bu kontekstdə İranla Batının mövqeyi bir şəkildə paralellik təşkil edir. O baxımdan ki, məsələnin belə düyünə düşməsi dəhlizin açılmasını əngəlləyir və İrana da bu sərf edir”.
Mövcud hakimiyyət Ermənistanı Rusiya təsirindən qurtarmaq üçün addımlar atır
T.Nüsrətoğlu qeyd edib ki, Ermənistan hakimiyyətinin sərgilədiyi mövqe də proseslərin gedişinə öz təsirini göstərir: “Baxmayaraq ki, Ermənistan bir dövlət kimi məhz Rusiyanın köməyi ilə qurulub və hər zaman Rusiya bu ölkəni himayə edib, indi vəziyyət başqa cürdür. Mövcud hakimiyyət Ermənistanı Rusiya təsirindən qurtarmaq üçün addımlar atır ki, bu da rəsmi Moskva tərəfindən qəzəblə qarşılanır. Ancaq Ermənistanın Rusiya ilə münasibətlərdə “qırmızı xətti” keçəcəyinə əmin deyiləm. Çünki bu Ermənistan dövlətçiliyi üçün böyük böhran və kataklizmlər gətirə bilər. Digər tərəfdən indiki halda Batının Ermənistana böyük bir təhlükəsizlik təminatı verməsi mümkün görünmür. Çünki Batınn özünün təhlüksəizlik problemi var”.
Ermənistan eyni vaxtda üç cəbhədə mübarizə aparmaq iqtidarında deyil
Fikirlərinə davam edən müsahibimiz “bura onu da əlavə edək ki, Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmadan, Azərbaycanla sülh sazişi imzalamadan hansısa uğurla addım ata bilməz. Bura yuxarıda sadaladığımız məqamları da əlavə edəndə ortaya tam bir reallıq çıxır. Ermənistan eyni vaxtda üç cəbhədə mübarizə aparmaq iqtidarında deyil” deyib.
Batının imperialist təfəkkürlü ölkələrinin mövqeyi Rusiyanın müharibədən əvvəlki ermənipərəst mövqeyindən heç də fərqlənmir
T.Nüsrətoğlu deyib ki, Batıdakı bəzi ağıllı güclər də bunu gözəl bilir: “Ona görə də Ermənistan hakimiyyətinə revanşist addımlardan əl çəkmək və Azərbaycanla sülh sazişi imzalamaq üçün müəyyən təzyiqlər edilir. Güman edirəm ki, aprelin 5-də keçiriləcək üçtərəfli formatlı görüşdə də bu məsələlər xüsusi müzakirə ediləcək. Amma Batıda ermənipərəst dairələrin mövcudluğunu və onların sülh sazişinin imzalanmasına mane olmaq üçün hər cür addıma əl atdığını da nəzərdən qaçırmaq olmaz. Bu baxımdan Fransanın sərgilədiyi mövqe hər kəsə bəllidir”.
T.Nüsrətoğlu əlavə edib ki, ABŞ-ın və Fransanın timsalnda Batının imperialist təfəkkürlü ölkələrinin Azərbaycana yanaşması, sülh sazişi ilə bağlı mövqeyi Rusiyanın müharibədən əvvəlki ermənipərəst mövqeyindən heç də fərqlənmir: “Yəni Batının indi gəlib burada Rusiyanı əvəz etməsi Ermənistanın Azərbaycanla sərhəddə Batı ölkələrinin hərbçilərinin yerləşməsi qətiyyən bizim maraqlarımıza uyğun deyil. Digər tərəfdən Batnın Azərbaycana, Türkiyəyə, ümimilkdə türk dünyasına və İslam aləminə qarşı imperialist münasibətini bilirik. Dolayısı ilə indiki məqamda bizim maraqlarımız onu tələb edir ki, Ermənistan Türkiyəyə daha çox yaxınlaşsın və Azərbaycanla sülh sazişini imzalasın. Bu mənada biz Ermənistanı daha çox öz tərəfimizə çəkməyə, İranpn və Rusiyanın təsirindən uzaqlaşaraq, Türkiyə ilə daha sıx əlaqələr qurmasına və regiona inkişaf gətirəcək sülh sazişinin imzalanmasına nail olmalıyıq”.