Son yeniləmə: 1 Aprel 2024 11:08
Emin Həsənli Ömer Halisdemirin qəbrini ziyarət edib, “Ben bu cahana sığmazam” serialının çəkiliş meydançasında olub
BAYRAQDAR MEDİA – “Hər dəfə olduğu kimi qardaş Türkiyəyə bu səfərimiz də məhsuldarlığı və yaddaqalan məqamları ilə fərqlənir. Səfərin ilk günlərində şəhid Ömer Halisdemirin məzarını və ailəsini ziyarət etdik, həmçinin bir sıra önəmli görüşlər keçirdik”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız Əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli deyib.
“Qəhrəman şəhidin ailəsinə yenidən baş çəkdik”
O, qeyd edib ki, səfər zaman ilk olaraq “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Türkiyə üzrə nümayəndəsi Tacəddin Hüseynquluzadə ilə birlikdə şəhid Ömer Halisdemirin məzarını və ailəsini ziyarət edib: “Bildiyiniz kimi Ö.Halisdemir 2016-cı il 15 iyulun FETÖ-nün qardaş Türkiyədə həyata keçirmək istədiyi hərbi çevriliş zamanı qəhrəmancasına şəhid olub. O, Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan FETÖ-cü, briqada generalı Semih Tərzini sinəsindən vuraraq öldürüb. Daha sonra çevriliş tərəfdarı olan digər hərbçilər tərəfindən şəhid edilib. Biz yanvarda onun ailəsini ziyarət etmişdik. Lakin həmin vaxt atası evdə deyildi. Ona görə bu səfər zamanı yaranmış imkandan istifadə edərək qəhrəman şəhidin ailəsinə yenidən baş çəkdik, həmçinin onun məzarını, adını daşıyan parkı, liseyi ziyarət etdik və muzeyində olduq”.
E.Həsənli bildirib ki, çoxuşaqlı ailədə dünyaya göz açan Ö.Halisdemir hərbi xidmət ərzində ölkədaxili ilə yanaşı ölkə xaricində də bir neçə mühüm əməliyyatlarda iştirak edib: “Atası Hasan Hüseyin Halisdemir bizimlə söhbətində Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana xüsusi minnətdarlıq etdi. Qeyd olundu ki, ailəyə dövlət tərəfdinən xüsusi diqqət və qayğı göstərilir. Onun adına park, lisey yaradılıb. Doğulduğu Niğdedə yerləşən Niğde Universiteti də artıq Ömer Halisdemir Nigde Universiteti adlanır”.
Azərbaycanlı gənc rəssamın ərsəyə gətirdiyi şəhidin portreti Ömer Halisdemirin ailəsinə hədiyyə edilib
Hasan bəy, həmçinin “Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycan Ordusun zəfəri ilə qürur duyuram. Azərbaycan böyük qələbəsi bütün türk dünyasının zəfəridir” deyərək, öz ürək sözlərinin Azərbaycan xalqına çatdırılmasını xahiş etdi”.
Onu da qeyd edək ki, şəhidin muzeyində olan Emin Həsənli azərbaycanlı gənc rəssam Qönçə Həzizadənin ərsəyə gətirdiyi şəhidin portretini Ömer Halisdemirin ailəsinə hədiyyə edib.
Oktay Kaynarca ilə növbəti görüş
E.Həsənli daha sonra səfər zamanı tanınmış aktyor Oktay Kaynarca ilə görüşüb: “Dəyərli dostumuz, Azərbaycan sevdalısı Oktay Kaynarca ilə bu dəfəki görüşümüz “Mən bu cahana sığmazam” serialının çəkiliş meydançasında reallaşdı. Mən ötən il seriyalın bölümlərindən birində Azərbaycan xəritəsi ilə bağlı yaranmış texniki problemlərə operativ reaksiyasına görə aktyora təşəkkür etdim. Həmçinin serialın Azərbaycanda xüsusi maraqla izləndiyini dedim. Oktay bəy də baş rol aldığı seriyalın Azərbaycanda sevilməsindən məmnun olduğunu bildirdi”.
Məlumat üçün bildirək ki, 2023-cü ildə seriyalın bölümlərindən birində Azərbaycanın xəritəsində yanlışlığa yol verimişdi. Bununla bağlı Azərbaycan cəmiyyətində yaranmış narahatlıqdan xəbər tutan Oktay Kaynarca Emin Həsənliyə telefon açaraq texniki problemə görə təəssüfünü bildirmiş və bu yanlışlığın tez bir zamanda aradan qaldırılacağına söz vermişdi.
Emin Həsənli serialdakı digər aktyorlarla da görüşüb
E.Həsənlinin sözlərinə görə, O.Kaynarca İnstaqram səhifəsində bununla bağlı paylaşım edib: “O, paylaşımda serialın İstanbuldan sonra ən çox Bakıda izləndiyindən məmnun olduğunu filmin Azərbaycanda da maraqla qarşılandığından xəbərdar olduğunu bildirib”.
Görüş zamanı Emin Həsənliyə təsbeh hədiyyə edən O.Kaynarca həmçinin onu serialdakı digər aktyorlarla da görüşdürüb: “Həmin görüş də maraqlı məqamlarla yadda qaldı. Görüşdüyümüz aktyorların hər birində Azərbaycana xüsusi sevgi və məhəbbət hiss etdim”.