Son yeniləmə: 1 Aprel 2024 13:42
Dos. Dr. Cahit Bağcı: Sayın Recep Tayyip Erdoğanın rəhbərliyi altında milli xarici siyasətimizi səmərəli şəkildə həyata keçirmək üçün işimizi inam və əzmlə davam etdiririk
BAYRAQDAR MEDİA – Azərbaycandakı türk qeyri-hökumət təşkilatları (QHT) “Birlik və qardaşlıq iftarı”nda bir araya gəlib.
BAYRAQDAR MEDİA xəbər verir ki, mərasim Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan şöbəsi, Azərbaycan Türkiyə İş Adamları Dərnəyi (ATİB), Türkiyə Yüzyılı İşbirliyi və Həmrəylik Platforması və Trabzon İş Adamları Platformasının (TİAP) birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı, KKTC-nin Bakı təmsilçisi Ufuk Turganer, azərbaycanlı millət vəkilləri, Türkiyənin qurum və təşkilatlarının nümayəndələri, iş adamları, şəhid ailələri, qazilər və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Dos. Dr. C.Bağcı Ramazan ayının bütün bəşəriyyətə sülh, əmin-amanlıq və firavanlıq gətirməsini arzulayıb. Səfir bildirib ki, Türkiyə xarici siyasətini qurucu fəlsəfəsini təşkil edən “Yurtda sülh, dünyada sülh” prinsipinə uyğun olaraq həm yaxın ətrafında, həm də beynəlxalq səviyyədə təhlükəsizlik, sabitlik və rifahı təmin etmək üçün siyasət həyata keçirir.
Daha sonra hazırda Recep Tayyip Erdoğanın rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət barədə ətraflı danışan səfir deyib: “Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd etdiyimiz bu dövrdə Türkiyə Əsri baxışını reallaşdırmaq və sayın Recep Tayyip Erdoğanın rəhbərliyi altında milli xarici siyasətimizi səmərəli şəkildə həyata keçirmək üçün işimizi inam və əzmlə davam etdiririk”.
Çıxışında dünyada gedən dəyişiklik və transformasiya prosesindən bəhs edən C.Bağcı qeyd edib ki, müxtəlif bölgələrdə yaranan böhranlar qlobal və regional sülh və sabitliyi təhdid edir, beynəlxalq təhlükəsizlik mühitini daha da çətinləşdirir. O, dəyişiklik proseslərinin təsirlərinin və böhranların əks olunduğu coğrafiyanın mərkəzində yerləşən Türkiyənin çətin sınaqlarla üzləşdiyini bildirib.
Çıxışında Türkiyənin Orta Doğu siyasətindən də bəhs edən diplomat “Türkiyə olaraq Fələstinin yanında olmağa davam edəcəyik” deyib.
Səfir Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından məmnunluq ifadə edərək, bu sahədə üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün çalışdıqlaırnı vurğulayıb: “Səfirlik olaraq biz vətəndaşlarımızın və iş adamlarımızın dövlətimizin xidmətlərinə çıxışını artırmaq və asanlaşdırmaq, onlara hüquqi və sosial dəstək göstərmək, xidmətlərin tam yerinə yetirilməsi, iş adamlarımızı regional imkanlar haqqında məlumatlandırmaq, mövcud bazarlarda ölkəmizin mövqeyini gücləndirərək yeni bazarlara çıxmağa töhfə vermək, ölkəmiz və qardaş Azərbaycanla mədəni əlaqələrimizin möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün xidmətlər göstəririk”.