BAYRAQDAR MEDİA – Martın 29-da AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Ziya Allahverdiyevin “Etik həyat: nəzakət, rəsmiyyət və sosial uğurun açarı” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən MEK-in direktoru, Prof. Məmməd Əliyev təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşərək etik normaların cəmiyyət üçün önəmindən bəhs edib. O, həmçinin vurğulayıb ki, etik normaların hər bir sahədə olması mühümdür.
M.Əliyev sözügedən kitabın təqdimatının təhsil ocaqlarında da keçirilməsinin vacib olduğunu bildirib. O, çıxışının sonunda hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edərək şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.
Daha sonra nəşrin müəllifi Ziya Allahverdiyev kitabın ərsəyə gəlməsi haqqında danışıb, mövzular barədə məlumat verib. O, bildirib ki, etik normalara riayət etmək həyatı müsbətə doğru dəyişir.
Z.Allahveriyev etika və nəzakət qaydalarının kökünün insanlığın tarixi ilə əlaqəli olduğunu deyərək müəllifi olduğu kitabın sosial inkişafın mərhələlərindən biri olduğunu diqqətə çatdırıb.
Şəxsi inkişaf üzrə mütəxəssis İlahə Allahverdiyeva çıxışında öncəki nəslin Sovet İttifaqından gələn müəyyən etiket və mədəniyyət qaydaları üzərindən formalaşdığını bildirirərək yetişməkdə olan gənclərin qloballaşdıqlarını, onların özlərinin varoluşu, Yer kürəsini qloballaşdırdığına görə həmin gənclərin mədəniyyət və etiket natarazlığı arasında qaldıqlarını diqqətə çatdırıb.
İ.Allahverdiyeva onu da qeyd edib ki, indiki gənclərin ədəb və etiket qaydaları əvvəlki nəslin xoşuna gəlmir. Mütəxəssis sözügedən kitabın tək bir insanın şəxsi inkişafı deyil, mədəniyyət olaraq cəmiyyətin subyektiv vəziyyəti, fərdi inkişafı və fərdlə birləşəcək vəhdət inkişafı olduğunu vurğulayıb.
Daha sonra kitabın imzalanma mərasimi olub.
Sonda Z.Allahverdiyev kitab və tədbirlə bağlı fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Bugünkü tədbir çox xoşuma gəldi, yaxşı keçdi. Onu bildirim ki, müəllifi olduğum “Etik həyat: nəzakət, rəsmiyyət və sosial uğurun açarı” kitabı etika və nəzakət qaydaları, süfrə mədəniyyətindən bəhs edir. Bura salamlaşma, tədbirlərdə davranış, süfrədə ləvazimatlardan istifadə edilməsi, onlarla davranma qaydaları, xəstə ziyarətində və sosial həyatımızın bütün sahələrində davranış qaydaları daxildir. Tədbirdə Kitabxananın direktoru, Prof. Məmməd Əliyevin, həmçinin şəxsi inkişaf üzrə mütəxəssis, həyat yoldaşım İlahə Allahverdiyevanın çıxışları oldu. Hər birinə təşəkkür edirəm. Eləcə də tədbirdə iştirak edən hər kəsə minnətdaram. Ümid edirəm ki, bu kitab Azərbaycanımıza töhfə verəcək”.