Press "Enter" to skip to content

Laçında uşaqların kompleks tibbi müayinəsi

Səhiyyə Nazirliyi

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN)“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirlər zamanı nazirliyin qurumları tərəfindən qeyd edilən ərazilərdə yaşayan əhalinin müxtəlif istiqamətlərdə tibbi müayinələri aparılır, həkim məsləhətləri verilir və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir. Nazirliyin təşkilatçılığı ilə növbəti belə tədbir Laçın şəhərində keçirilib. Aksiya zamanı SN K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədən pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların kompleks tibbi müayinələrini aparıblar. Müayinələr zamanı səhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar üçün yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və müvafiq müalicələr təyin edilib”.

Daha sonra xəbərdə, “tədbir zamanı yüzə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçib. Müayinələrdən sonra valideynlər üçün maarifləndirici tədbir təşkil edilib. Tədbirdə institutun həkimləri mövsümi xəstəliklər və respirator virus infeksiyaları, həmçinin uşaqlarda qəbizliyin yaranması mövzularında təqdimatlarla çıxış ediblər. Qripin simptomları, profilaktikası, hansı xəstəliklərin qripə bənzər əlamətlərə səbəb olduğu, uşaqlarda respirator virus xəstəliyi və müalicəsi, eyni zamanda körpələrdə qəbizliyin səbəbləri barədə ətraflı məlumat verilib” deyə qeyd olunur.

Xəbərdə həmçinin bildirilir ki, “bundan əlavə, yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədi ilə Nazirlik ərəfindən müəyyən edilən Azərbaycanın Milli peyvənd təqviminə uyğun olaraq, körpələrin vaxtında vaksinasiyadan keçməsinin vacibliyi vurğulanıb. Eləcə də valideynlərə övladlarının hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçməyi, hər gün fiziki aktiv olmağı və sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib. Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb”.

Qeyd edək ki, SN ərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.