BAYRAQDAR MEDİA – Martın 27-də Azərbaycan Dövlət Kukla Teatrında 27 Mart – Dünya Teatr Günü ilə bağlı Teatrın sosial-mədəni layihələri çərçivəsində növbəti xeyriyyə aksiyası tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “200 nəfərə yaxın əlilliyi olan uşaq və yeniyetmələr əvvəlcə sənət ocağının son premyerası – “Dovşanın ad günü” tamaşasına baxıblar, ardınca balacalara hədiyyələr təqdim olunub. Qeyd edək ki, bu tamaşa Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən “Dovşanın ad günü” nağıl-poeması əsasında ərsəyə gəlib. Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Səidə Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır”.
Daha sonra xəbərdə deyilir ki, “əsər əsas ideyasını saxlamaqla maraqlı və rəngarəng tərtibat, dolğun musiqi həlli ilə təqdim edilib. Tamaşada hadisələr bir meşədə təsvir olunur. Canavar Dovşanı yemək üçün nə qədər cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin bir günü meşəyə soraq yayılır ki, Dovşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olurlar və bir-birinə kömək edirlər. Tülkü ilə Canavarın hiyləsini başa düşən bu zəif heyvanlar birləşib belə qərara gəlirlər ki, hamının yeganə xilas yolu bu iki vəhşini aradan götürməkdir. Ona görə də əlbir olub Tülkü ilə Canavarı məğlub edirlər. Beləcə dostluq və dürüstlük, qorxmazlıq və birlik qalib gəlir”.
Anşlaqla keçən nümayiş balacalar tərəfindən maraqla qarşılanıb. Sonra X.Əlibəylinin qızı, Prof. Gülər Abdullabəyli, Azərbaycana Birgə Yardım Valideyn Birliyinin (UAFA) koordinatoru Zəhra Xələfova çıxış edərək tədbir təşkilatçılarına və tamaşanın yaradıcı heyətinə təşəkkür ediblər, belə layihələrin uşaq və yeniyetmələrdə, xüsusən həssas qruplardan olan azyaşlılarda uşaq ədəbiyyatı və teatrına maraq oyatdığını bildiriblər.