Son yeniləmə: 28 Mart 2024 10:22
MÜSİAD Azərbaycanın Sabirabadda keçirdiyi tədbirdə bu bir daha bəyan edildi
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi öz xeyirxah ənənəsinə sadiq qalan MÜSİAD Azərbaycan bu silsildən növbəti addım atıb.
Sözügedən qurum martın 26-da Sabirabad rayonunda Ahıska türkləri və şəhid ailələrini iftar süfrəsi arxasında bir araya gətirib. Bununla bağlı martın 27-də qısa məlumat vermişdik. Qeyd edildiyi kimi, iftar proqramında MÜSİAD Azərbaycanın İdarə Heyəti ilə birlikdə üzvləri, şəhid ailələri, Ahıska türkləri və rayon sakinləri iştirak edib.
Beləliklə, proqramdan əvvəl MÜSİAD Azərbaycan İdarə Heyəti üzvləri Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ilə görüşdü, həmçinin Sabirabad Şəhidlər Xiyabanını ziyarət etdilər.
Sonra mərasim maraqlı çıxış və məqamlarla yadda qaldı.
Mərasimi giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Türkiyə-Azərbaycan qardaşlığının dünyaya nümunə olduğunu dedi. O, qeyd etdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qardaş Türkiyə daim yanımızda oldu. Qardaş ölkənin mənəvi və siyasi dəstəyi gücümüzə güc qatdı.
S.Cabbarov çıxışında, həmçinin rayonda və bölgədə məskunlaşan Ahıska türklərinin hərtərəfli diqqə və qayğı ilə əhatə olunduğunu bildirdi.
Çıxış edən millət vəkili Ramin Məmmədov da qardaşlığımızın sarsılmaz və əbədi olduğunu bildirdi. Milli Məclisin deputatı müqəddəs Ramazan ayında belə bir mərasimin təşkili üçün təşkilatçılara, bu mərasimdə bölgə xalqı ilə birlikdə olduğu üçün səfir Dos. Dr. Cahit Bağcıya minnətdarlıq etdi.
Tədbirdə çıxış edən səfir Dos. Dr. Cahit Bağcı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin “bir millət, iki dövlət” anlayışına əsaslandığını, prezidentlər Recep Tayyip Erdoğan və İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirdi.
Diplomat ikitərəfli əlaqələrin müdafiə və təhlükəsizlik, iqtisadiyyat, ticarət, logistika və infrastruktur kimi sahələrdə möhkəmləndiyini, Türk Dövlətləri Təşkilatının da bu formada əlaqələrlə gücləndiyini vurğuladı.
Dos. Dr. C.Bağcı bəyan etdi ki, Türkiyə bütün dünyada zalıma qarşı, məzlumun yanındadır.
Çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli qonaqlara təşəkkür etdi və MÜSİAD haqqında məlumat verdi. Qeyd edildi ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.
O da bildirildi ki, MÜSİAD hər il Ramazan ayında ənənəvi iftar süfrələri təşkil edir.
Onu da vurğulamaq yerinə düşər ki, Dos. Dr. C.Bağcı və digər rəsmilər iftardan sonra Ahıska türkləri və ağsaqqallarla söhbət etdilər.