Son yeniləmə: 30 Mart 2024 20:27
BAYRAQDAR MEDİA – Skopyedə Türk Hərəkat Partiyasının Mərkəzi İdarə Heyətinin toplantısı keçirilib. İclasda qarşıdan gələn parlament seçkiləri müzakirə olunub.
Bununla bağlı partiyanın sosial şəbəkə hesabından məluamt paylaşılıb.
Paylaşımda deyilir: “Partiyamızın prinsipləri və proqram məqsədləri işığında Makedoniya Sosial Demokratlar İttifaqının (SDSM) rəhbərliyi ilə yaradılan koalisiya ilə parlament seçkilərində iştirak etmək qərara alınıb. Sədrimiz Enes İbrahim yekdilliklə deputatlığa namizəd seçilib və 5-ci bölgədə 5-ci yerdən seçkilərdə yarışacaq”.
Paylaşımda daha sonra qeyd edilir: “Türk Hərəkat Partiyası siz dəyərli soydaşlarımızın dəstəyi ilə Quzey Makedoniya türk icmasını layiq olduğu mövqeyə çatdırmaq üçün əzmkar mübarizəsini davam etdirəcək. Ümid edirik ki, partiyamızın qəbul etdiyi qərarlar həmvətənlərimizə, ölkəmizə xeyirli olacaq”.
Xatırladaq ki, SDSM-nin sədri seçkidən öncə ölkənin baş naziri olmuş Dimitar Kovaçevskidi. SDSM və onun koalisiyası prezident seçkisində Stevo Pendarovskinin namizədliyini dəstəkləyir.