Press "Enter" to skip to content

Teatr əsaslı təlim düşərgəsinə yekun vurulub

İştirakçıların xatirə fotosu

BAYRAQDAR MEDİA – “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Gənclər Paytaxtı Lənkəran şəhərində həyata keçirilən“Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsinə yekun vurulub.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 28-də “İRƏLİ” İctimai Bilriyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Act2Learn” layihəsinin əsas məqsədi təhsildə yeni yanaşmaların tətbiqi üzrə müəllimlərin bilik və bacarıqlarını artırmaq, eləcə də təhsilverənlərin öz peşə fəaliyyətində yaradıcı və innovativ strategiyalardan istifadəyə hazırlamaqdan ibarət olub.

Diqqətə çatdırılıb ki, 5 gün davam edən proqram müddətində qeyri-formal təhsilin əsas istiqamətlərdən biri kimi teatra əsaslanan pedaqoji texnikanın istifadəsi ətrafında müzakirələr, habelə, bu sahədə təlimlər və seminarlar təşkil olunub. Sözügedən fəaliyyətlərlə yanaşı tədrisin daha axıcı səviyyədə təşkili məqsədilə iştirakçılarla improvizasiya, rol oyunu, aktyorluq və hekayə danışma sahələrində praktiki sessiyalar da həyata keçirilib.

Qeyd edək ki, proqramın faydalılığının artırılması və daha çox şəxsin məlumatlandırılması məqsədilə teatr əsaslı təlim mövzusunda əl kitabçası hazırlanacaq. Bu kitabçada müəllimlərin tədris müddətində istifadə edə biləcəkləri qeyri-formal təhsil metodları, əsasən də teatr əsaslı təlim metodikası barədə ətraflı məlumat veriləcək. Bu kitabçaların daha sonra çap olunaraq, paytaxt və bölgələrdə yerləşən ümumtəhsil məktəblərinə paylanılması planlaşdırılır.

Mission News Theme by Compete Themes.