Son yeniləmə: 28 Mart 2024 16:48
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan nəşrlər sırasında Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin “Kino və zaman (1923-2016)” kitabı da yer alır.
Nəşr müxtəlif növlü, janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən, neçə-neçə yaradıcı və texniki nəslin çalışdığı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr olunub.
Azərbaycan kino tarixini sistemli şəkildə araşdırmaqla yanaşı, davamlı pedaqoji fəaliyyətlə də məşğul olmuş A.Kazımzadənin bu kitabımda kinostudiyanın keçdiyi yaradıcılıq yolu tədqiqat obyektinə çevrilib. Burada Azərbaycan kinosunun təşəkkülü və inkişafı, sənətkarların yaradıcılıq axtarışları barədə müfəssəl söhbət açılıb.
Kitabda “Azərbaycanın səssiz kinosu”, “Azərbaycan kinosu müharibə illərində”, “Azərbaycan kinosunun yüksəliş dövrü”, “Kinostudiyaya rəhbərlik etmiş kino xadimləri”, “Filmoqrafiya” və digər başlıqlarla yazılara yer verilib.
Nəşr mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulub.
Kitabın rəyçisi Əməkdar incəsənət xadimi Cəmil Quliyev, redaktoru isə Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğludur.