Son yeniləmə: 27 Mart 2024 14:40
Partiyalar mübarizəyə hazırdırlar
BAYRAQDAR MEDİA – Quzey Makedoniya növbəti siyasi proses ərəfəsindədir. Növbəti iki ayda bu ölkədə prezident və parlament seçkiləri keçiriləcək.
Məlumata əsasən prezident seçkilərinin birinci turu 2024-cü il aprelin 24-də olacaq. Prezident seçkilərinin ikinci turu isə parlament seçkiləri ilə eyni gündə 8 may 2024-cü il tarixində keçiriləcək.
Artıq indidən bəllidir ki, ikinci tur qaçılmaz olacaq. Çünki prezident postu uğrunda 7 namizəd mübarizə aparır. Bunlar Makedoniya Sosial Demokratlar İttifaqı (SDSM) və onun koalisiyası tərəfindən namizədliyi dəstəklənən Stevo Pendarovski, VMRO-DPMNE və koalisiyası tərəfindən dəstəklənən Gordana Siljanovska Davkova, ZNAM-dan Maksim Dimitrievski, Levica tərəfindən dəstəklənən Biljana Vankovska, BDI-dən Bucar Osmani, GROM-dan Stevço Jakimovski və Albaniya müxalifət blokunun dəstəklədiyi Arben Taravaridir.
Bu arada isə Dövlət Seçki Komissiyasında keçirilən püşkatma nəticəsində prezidentliyə namizədlərin bülletendəki yeri müəyyənləşib.
Yeni Balkan xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Stevo Pendarovskinin adı bülletendə birinci sırada olacaq. Gordana Siljanovska-Davkova ikinci, Stevko Jakimovski isə üçüncü olacaq. Püşkatamnın nəticəsinə əsasən Bujar Osmaninın adı dördüncü, Bilyana Vankovska-Çvetkovskanın beşinci, Arben Taravarinin altıncı, Makism Dimitrievskinin isə yeddinci sırada qərarlaşacaq.
Aprelin 4-də isə prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat prosesinə başlanacaq.
Onu da qeyd edək ki, hazırda bütün diqqətlər partiyalara yönəlib. Cəmiyyət böyük maraqla partiyaların müəyyən edəcəyi deputatlığa namizədlərin kimliyini öyrənmək istəyir. Məlumat üçün bildirək ki, partiyalar deputatlığa namizəd siyahılarını ən geci aprelin 2-dək Dövlət Seçki Komissiyasına təqdim etməlidirlər.
Dövlət Seçki Komissiyası namizədlərin siyahılarını aldıqdan sonra namizədlərin tələblərə uyğun olub-olmamasını yoxlayacaq və namizədliklərini yekunlaşdıracaq. Namizədlərin siyahıları dəqiqləşdirildikdən sonra ən geci aprelin 13-dək Dövlət Seçki Komissiyası partiyaların bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma keçirməlidir.