Press "Enter" to skip to content

“Qılınc və qələm” özbək dilində təqdim edildi

Kitabın təqdimatı zamanı

Son yeniləmə: 27 Mart 2024 11:11

BAYRAQDAR MEDİA – Qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan klassiklərinin əsərlərinin tərcüməsi və nəşrinə dair daha bir layihə həyata keçirilib. Layihəyə uyğun olaraq görkəmli yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməsi nəşrinin təqdimatı ilə bağlı Xarəzm vilayətinin mərkəzi şəhəri olan Ürgəncdə yerləşən Ürgənc Dövlət Universitetində tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə bildirilir ki, “Universitetin Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində keçirilən tədbiri Universitetin prorektoru, Prof. Sərdar Xocaniyazov açaraq “Qılınc və qələm” romanının özbək dilində nəşrinin Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsi istiqamətində atılmış yeni bir addım kimi qiymətləndirib. Sonra çıxış edən Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açaraq bu istiqamətdə sözügedən Mərkəzin layihələrindən danışıb. Özbəkistanlı oxucularda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq olduğunu qeyd edən K.Məmmədzadə Mərkəz tərəfindən indiyə qədər müxtəlif mövzularda çox sayda əsərin özbək dilinə tərcümə edilərək nəşr olunduğunu diqqətə çatdırıb. Mədəniyyət Mərkəzinin apardığı sistemli iş nəticəsində Azərbaycan yazıçılarının əsərlərinin tərcümə və çapının həyata keçirildiyini qeyd edən natiq bu sahədə mövcud olan boşluqların böyük ölçüdə aradan qaldırıldığını vurğulayıb”.

Daha sonra, “tədbirdə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Prof. Erkin Nuriddinov iki qardaş ölkə arasında əlaqələrinin dərin, qədim tarixi köklərindən söz açaraq ədəbi əlaqələrin də mədəni əlaqələr kimi yüksək səviyyədə olduğunu, Mədəniyyət Mərkəzi tərəfindən bu sahə üzrə məqsədyönlü işlərin aparıldığını qeyd edib. Sonra çıxış edənlər – Ürgənc Dövlət Pedaqoji İnstitutunun Pedaqogika fakültəsinin dekan müavini Şadyar Dostcanov, ədəbiyyat fakültəsinin dekanı Dilşod Qayipov, pedaqogika fakültəsinin dekan müavini Şadyar Dostcanov sözügedən romanın özbək dilində tərcüməsinin nəşrini ədəbiyyatşünaslıq baxımından mühüm hadisə kimi qiymətləndirərək Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından çox dəyərli bir mənbə olduğunu vurğulayıblar”.

Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” romanının özbək dilinə tərcüməçiləri – Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur, nəşrin redaktoru və ön sözün müəllifi isə Özbək alim Abdulla Uluqovdur.

Onu da bildirək ki, romanın Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına əvəzsiz olaraq paylanması nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.