BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Milli Məclis (MM) tərəfindən jurnal və kitablar təqdim olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “”Milli Məclis” Analitik İnformasiya jurnalı Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatındakı mühüm hadisələri, dövlətin suverenliyinə, insanların rifahına xidmət edən qanun yaradıcılığı proseslərini öz səhifələrində işıqlandırır. Jurnalın 2024-cü ilin yanvar-fevral sayında “Böyük zəfərlərin müəllifinə ümumxalq etimadı”, “Müşahidəçilərlə görüş”, “Milli Məclisin 2024-cü-ilin yaz sessiyası öz işinə başladı”, “Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçdi”, “Azərbaycanın beynəlxalq münasibətlər xəttinə yeni baxış”, “Yeni tarixi mərhələdə milli təhlükəsizliyimizin strateji prioritetləri”, “Azərbaycanı qüdrətli dövlətə çevirən uğurlu siyasət”, “Azərbaycanın Türk ailəsi”, “Arif Paşayev: Böyük alimin şərəfli ömür yolu” və digər başlıqlı məqalələr yer alıb”.
Daha sonra xəbərdə, “daxil olan kitablar sırasında, Azərbaycanda ilk dəfə nəşr edilən “Qanunvericilik lüğəti” də var. İki cilddən ibarət olan lüğətə Azərbaycan qanunlarında istifadə olunan 3 min 700-dən çox hüquq termin və anlayış daxil edilib. Soraq-məlumat xarakteri daşıyan toplunun tərtibində məqsəd qüvvədə olan qanunvericilik bazasının terminoloji mahiyyəti haqqında təsəvvür yaratmaq, qanun layihələrinin hazırlanması zamanı lazımi terminlərin, onların təriflərinin tapılmasına və istifadə edilməsinə kömək göstərməkdir. Lüğət mütəxəssislər, deputatlar, dövlət qulluqçuları, iş adamları, tələbələr, müəllimlər və elmi işçilər, habelə müasir qanunvericiliklə maraqlanan digər şəxslər üçün dəyərli vəsaitdir” deyə qeyd olunur.