Press "Enter" to skip to content

Duzsuz oğlanın bambılı yuxuları

Nadir İsmayılov

Son yeniləmə: 27 Mart 2024 09:11

Yaxud Vladimir Solovyovun ermənilər üçün növbəti solo ifası da bərbadlığı ilə yadda qaldı

Nadir İSMAYILOV – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) sədri

BAYRAQDAR MEDİA – “Bu nə duzsuz adamdır”, “Mənasız, duzsuz adamdır, heç zaman ciddi söz danışmır”, “Ona fikir vermə, duzsuz-duzsuz danışır”.

Yuxarıda təqdim etdiyim bu kəlamları uşaqlıqdan bu günə kimi ara-sıra eşitmişəm. Hər dəfə də “duzsuz” deyə ünvan göstərilən kəslərin, yumşaq desək, özünü cəmiyyətdə bambılı kimi, qeyri-ciddi apardığının, ağlına deyil, ağzına gələni danışdığının, qısası, söz təlxəkliyi etdiyinin şahidi olmuşam. Sual oluna bilər ki, bunu indi niyə xatırladıram. Cavabını deyim.

Vladimir Solovyov
Vladimir Solovyov

Bugünlərdə, daha doğrusu, Moskvada, “Krokus Siti Hol”da baş verən terror hadisəsindən sonra Rusiyadan olan teleaparıcı, jurnalist Vladimir Solovyovun səsləndirdiyi bəzi qeyri-ciddi açıqlamalar, əslində isə erməni dostlarına, (ağalarına) xoş gəlmək üçün etdiyi sərsəmləmələrdən sonra yadıma məhz həmin o duzsuz zavallılar düşdü.

Öncə onu deyim ki, soyadında duz (sol) sözü olsa da qətiyyən duzlu, kəsərli və dəyanətli hər hansı sözü ilə yadda qalmayan bu oğlanın Azərbaycana və azərbaycanlılara qarşı növbəti sərsəmləmələri ilə bağlı Mətbuat Şurası öz etiraz bəyanatını yayıb. Mən isə həmin bəyanatı bir daha burada xatırlatmaqla yanaşı, bütün fəaliyyətini erməni sevgisi üzərində quran, erməni ağzı ilə danışan bu zata elə onun anlaya biləcəyi dildən cavab vermək istəyirəm.

Deməli istər torpaqlarımız işğal altında qaldığı illərdə, istər 44 günlük Vətən savaşı günlərində, istərsə də müharibədən sonra yatıb-qalxıb Azərbaycanı hədəfə alan bu zatın hər belə “qəhrəmanlığı” ilə ermənilərdən növbəti “molodes”, kim bilir, bəlkə heç də tək “molodes” deyil, həmçinin başqa nələrsə almaq üçün necə oyun çıxardığının hər kəs şahidi olub.

Necə deyərlər, hər addımda ermənilərə züy tutan, “erməni müsiqiləri”ni SOLOda “ifa edən” (yeri gəlmişkən Solovyov soyadının ilk dörd hərfi SOLO kəlməsini yaradır – N.İ.) bu adam yuxularını belə ermənicə görür desək heç də yanılmarıq. Elə onun yuxarıda bəhs etdiyimiz bəyanata səbəb olan son sərsəmləməsini də gördüyü hansısa yuxunun dilə gətirilməsi kimi dəyərləndirə bilərik.

Sözügedən bəyanatda da deyildiyi kimi, “məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır. V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır”.

Qısası, V.Solovyovun “Krokus Siti Hol”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi məlumdur.

Yəni kimsəyə sirr deyil ki, Vladimir Solovyovun bu terrorda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır.

Əslində bunu onun ermənilər üçün növbəti “solo ifası” kimi də dəyərləndirə bilərik. Budəfəki solo ifanın fərqli cəhəti isə odur ki, bu musiqinin sözləri də, bəstəsi də Vladimir Solovyovun “bambılı yuxuları”nın təzahürü kimi ortaya çıxıb. Amma görünən odur ki, Vladimir Solovyovun ermənilər üçün növbəti solo ifası da bərbadlığı ilə yadda qaldı.

Sonda onu da xatırladaq ki, bu zat tərbiyəsiz davranışına görə bir il öncə Azərbaycan dövlətindən və xalqından üzr istəmişdi. Düşünmək olardı k, bundan sonra o, ayıbına kor olacaq. Amma görünən odur ki, adam tərbiyəsizliyini hələ də davam etdirir.

Mission News Theme by Compete Themes.