Press "Enter" to skip to content

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol

Tədbir zamanı

Son yeniləmə: 27 Mart 2024 10:34

Kembricdə Universitetində keçirilən tədbirdə həm bundan, həm də regionda baş verən müsbət dəyişikliklərdən bəhs edilib

BAYRAQDAR MEDİA – Dünyanın aparıcı Universitetlərindən biri olan Kembric Universitetinin Müqəddəs İsa Kolecinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Forumu tərəfindən Novruz Bayramına həsr edilmiş geniş tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən məlumat verilib.

Məlumata görə, tədbirdə Azərbaycan və Orta Asiya ölkələrinin diplomatları, Universitetin professor-müəllim heyəti, region üzrə ixtisaslaşan tələbələr və media nümayəndələrinin iştirak edib.

Bildirilib ki, Özbəkistan və Qırğızıstanın Birləşmiş Krallıqdakı səfirləri, eləcə də Qazaxıstan səfirliyinin müşavirinin də qatıldığı tədbirdə Azərbaycan səfirliyini müşavir Rəşad Vahabzadə təmsil edib.

Məlumatda deyilir ki, öncə diplomatların və alimlərin iştirakı ilə regionda baş verən müsbət dəyişikliklər haqda dəyirmi masa keçirilib: “Müvafiq ölkələrin nümayəndələri çıxış edərək ölkələri haqda ətraflı məlumatlar təqdim etdi. Azərbaycan nümayəndəsi Prezident İlham Əliyevin regionda formalaşdırdığı sülh gündəmi və türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi diqqət göstərməsi, bu əməkdaşlığın prioritet daşıması haqda söz açdı, COP-29-un Azərbaycanda keçirilməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər, ölkəmizin regionda bağlantılığın inkişafına verdiyi töhfə, yaşıl enerjiyə keçid və s.haqda məlumat verdi”.

Vurğulanıb ki, çıxış və təqdimatlardan sonra Kembric Universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə geniş fikir mübadiləsi keçirilib, auditoriyanın çoxsaylı suallarına cavablar verilib: “Bundan sonra region ölkələrinin sənət ustalarının iştirakı ilə geniş konsert keçirildi. Konsertdə istedadlı rəqqasə Səkinə Muxtarlının ifasında Azərbaycan milli rəqsləri təqdim edildi. Xüsusilə qeyd etmək lazımdır ki, tanınmış tarzən Babək Atəş “Qarabağ şikəstəsini” və daha sonra ona qoşulmuş qardaş Özbəkistanı təmsil edən musiqiçilər Xurşidbek və Dostonjon ilə məşhur “Sarı gəlin” əsərini birgə ifa etdilər. Tədbir konsert proqramı ilə sona çatdı”.

Mission News Theme by Compete Themes.