Press "Enter" to skip to content

“Ded, ani çuşki…”

Aqşin DADAŞOĞLU

Son yeniləmə: 26 Mart 2024 15:23

Aqşin DADAŞOĞLU

BAYRAQDAR MEDİA – Dünən günorta çağı əsgər yoldaşım Murat Amuraliyev Qırğızıstandan görüntülü zəng etmişdi. Mən Muratla sovetlərin hərbi dəniz donanmasında hərbi gəmidə 3 il hərbi xidmətdə olmuşam. İndi isə 34 illik ayrılıqdan sonra ilk dəfə idi ki, bir-birimizin üzünü görürdük. Murat qıyıq gözlərini bir az da qıyıb gülümsəyərək rus dilində mənim hal-əhvalımı soruşdu.

Mən Muratla türk dilində danışmağa başladım. Murat dedi ki, “abi, mən türk dilində qonuşa bilmiyorum. Yaxşısı budur biz rus dilində danışaq”.

Rus dilində xeyli söhbət elədik. Söhbət elədik deyəndə də ki, söhbətimizin əksəriyyətini Murat abi danışdı. Çünki o, rus dilində məndən daha dəqiq və gözəl danışırdı. Mən o dəqiqə hiss elədim ki, Murat rus dilində fikirləşib danışdığı üçün belə gözəl danışır. Mən isə rus dilində xeyli kitablar oxusam da danışanda azərbaycan dilində fikirləşib, beynimdəki fikri rus dilinə çevirib danışırdım. Onun üçün də mənim rus dilim pozuq və rabitəsiz alınırdı.

İşimiz, gücümüz, övladlarımız haqqında danışdıqdan sonra söhbəti yenə dil mövzusuna gətirdim:

-Murat abi, nə əcəb türkcə öyrənməmisən?
-İstəsəydim öyrənərdim, amma bizdə Bişkekdə bütün millət rus dilində danışır, qırğız türkcəsində danışan adamlara bizim millət bir sayaq baxır, “çuşka” adlandırır.
-Abi, bu yaxınlarda Qırğızıstanın ədəbiyyat adamları Azərbaycana – Bakıya qonaq gəlmişdilər. Qırğız yazarlardan bir xanım qırğız türkcəsi ilə bizim televiziyaya intervü verirdi. Elə şirin, elə gözəl danışırdı ki, bu qırğız yazara ürəyimdə “əhsən” dedim.
-Qırğız dilini bizdə yazıçı və şairlərdən başqa heç kim danışmır. Bir də ki, bu dildən əyalətlərdə, uzaq aullarda istifadə edirlər. Sən yəqin Çingiz Aytmatovun “Gün var əsrə bərabər” kitabını oxumusan. Bax, o kitabdakı manqurtlar elə bizik.

Mən ürəyimdə fikirləşdim ki, bu gedişlə qırğız, tatar, çuvaş, yakut, qazax, başqırd, noqay və adlarını unutduğum bir çox xalqların türkcəsi latın dilinə dönəcək. Latın dilində ancaq həkimlər, vəkillər və latın dili müəllimləri danışıb yazdıqları kimi bu xalqların türkcəsində ancaq milli yazarlar və ana dili müəllimləri danışacaq.

…Murat mənə sabah günorta yenə zəng edəcəyini bildirdi. Qırğızıstanda sovetlər vaxtı hərbi dəniz donanmasında xidmət etmiş matrosların böyük bir federasiyası varmış və bu federasiyanın sabah böyük bir toplantısı olacaqmış. Murat mənə o toplantıdan zəng edəcəyini, məni keçmiş sovet matrosları ilə tanış edəcəyini dedi. Üstəlik soruşdu ki, sizdə necə, sovetlərdə əsgərlikdə olan “moryak”ların federasiyası varmı? Gülərək, “yoxdur” dedim. “Bizdə ermənilərlə etdiyimiz müharibələrin qəhrəmanları, şəhidləri, qaziləri var. Keçmişdə sovet ordusunda xidmət edən heç bir əsgərin sizdəki kimi bizdə federasiyası-filanı yoxdur”.

Daha Murata demədim ki, bizdə demək olar ki, hər şəhərdə guya qazilərin problemləri ilə məşğul olan qeydiyyatdan keçmiş və keçməmiş yüzlərlə təşkilat var. Çox vaxt bu təşkilatlara ömründə erməniyə bir güllə belə atmayan adamlar rəhbərlik edir. Bu təşkilatların özləri veteranlara özlərinin uydurduqları və kustar üsulla basdırdıqları medallar və qazı vəsiqələri paylayırlar.

Məsələn, mənim dostum birinci Qarabağ müharibəsində Baba ləqəbi ilə nam salmış Bəhruzun başında indiyə kimi düşmən qəlpəsi var. Buna görə də hökumətimiz Bəhruza yaxşı təqaüd də verirdi. Sonra Bakının “Qarabağ qaziləri” adlı bir birliyi dostumu adını unutduğum bir medalla təltif də elədi. Medalın təltif mərasimi gününün səhəri Bəhruzun əlil kimi təqaüdünü kəsdilər. İndi Bəhruz qalıb əlində heç bir dövlət qurumunun tanımadığı medalla birgə. Düz üç ilə yaxındır ki, mənim Qazi dostum idarə qapılarında əlilliyini bərpa etmək üçün əziyyət çəkir. Eşitdiyimə görə, təqaüdünü yenidən bərpa etmək üzrədirlər. Təki elə olsun…

Keçən il çoxdan Bakıda yaşayan yaxın qohumumun oğlu öz ailəsi ilə kəndə – bizə qonaq gəlmişdi. Gəncin həyat yoldaşı və uşaqlar ancaq rus dilində danışırdılar. Bunların danışığına bizimkilər də gülə-gülə tamaşa edirdilər. Mən gənc qohumumun 14 yaşlı kök və tənbəl oğlu ilə tez dostlaşdım. Oğlan bütün günü yeyir və yatırdı. Yayın sonu olduğundan bağda-bağçada hər cürə mer-meyvə, tərəvəz yetişmiş, adama gəl-gəl deyirdi. Bir gün axşamüstü necə oldusa bu gənc dostum yatdığı yerdən durub mənim yanıma gəldi, “ded, ya vinoqrad xoçu” dedi.

Mən gənc dostumu üzümlüyün yanına apardım. Üzümlük deyəndə ki, mənim üzümlüyüm monopolistlərin dayça evlərində tikdirdiyi möhtəşəm üzüm çardağı kimi deyil. Adi çəpərə dırmaşdırdığım üzümlərdir. Əli çatan yerlərdəki üzümləri yoldan keçən uşaqlar yeyib qurtardığına görə üzümlər bir az hündürdə qalıb. Qusarçaydan alıb rəhmətlik Qağanın maşını ilə gətirdiyim təzə nərdivanı dərhal üzümlüyə dayayıb amiranə səslə “çıx, bu üzümləri dər”( zalez na lesnitsu, sarvi sebe vinoqrad) dedim.

Gənc dostum ağzını büzüb yenə rus dilində, “çıxa bilmərəm, yıxılaram” (ne moqu zalest, boyus upast) dedi.

“Qorxma, nərdivanı tutmuşam. Həm də ki, metrə yarım hündürlükdən yıxılmaqla sənə heç nə olmaz, çıx” dedim.

“Yox, çıxmıram” dedi.

Mən uzun uzadı kənddə onunla yaşıd olan 14 yaşlı yeniyetmələrin necə at çapmaları, gilas bağlarında kilosu 50 qəpikdən gilas, kilosu 40 qəpikdən fındıq yığmaları haqqında danışdım. Qışda meşədən odun, yazda göbələk toplamaqlarından, mal-qoyun növbəsinə getmələrindən bacara-bacarmaya rus dilində geniş bir nitqlə çıxış elədim.

Yeniyetmə dostum məni dinləyib bircə kəlmə dedi: “ded, ani çuşki”.

İndi də bu əsgər yoldaşım Murat da deyir ki, “bizdə öz ana dilində danışanlara “çuşka” deyirlər”…

Mission News Theme by Compete Themes.