Press "Enter" to skip to content

“Turan yolu – Zəngəzurum” əsəri qardaş Türkiyədə

Sərdarlılar ailəsi səfirlikdə

BAYRAQDAR MEDİA – Bugünlərdə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, dizayner, dekorator, dekorativ tətbiqi sənət ustası, jurnalist, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı, həmçinin qurumun bölmə rəhbərləri İsgəndər və Toğrul Sərdarlı qardaş Türkiyə səfirliyində olub. Onlar səfir Prof. Dr. Cahit Bağcı və mədəniyyət attaşesi Prof. Dr. Muhittin Macit ilə görüşüblər.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən daxil olub.

Bildirilir ki, görüş zamanı səfir həm Novruz Bayramı münasibətilə, həm Birliyin “Turan yolu – Zəngəzurum” adlı əsərlər toplusunun Türkiyədə tanıdılması ilə bağlı layihələrinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqədə uğur qazanması münasibətilə təbrikini ifadə edib. Cahit Bağcı eyni zamanda qonaqlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra səfir Sərdarlı ailəsinin yaradıcılığını yaxından izlədiklərini, onların zamanla unudulmuş xalq sənəti nümunələrinin dirçəldilməsi yolunda çalışmalarını təqdir etdiklərini, böyük türk dünyasının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və təbliği istiqamətində vətəndaş cəmiyyəti olaraq həyata keçirdikləri layihələrin diqqətəlayiq olduğunu bildirib.

Birliyin rəhbəri Lalə Sərdarlı da öz növbəsində qardaş Türkiyə səfirliyinin, Yunus Emre İnstitutunun, TRT TV-nin hər zaman onlara göstərdikləri mənəvi dəstəyə görə təşəkkür edib. O, Yunus Emre İnstitunun başqanı Prof. Dr. Şeref Ateşin, Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı Dövlət Arxivləri İdarəsinin başqanı Prof. Dr. Uğur Ünalın, Yunus Emre İnstitu Kültürəl Diplomasi Akademiyasının koordinatoru Prof. Dr. Melih Barutun Sərdarlılar ailəsinin yaratmış olduğu və dünyada yeganə olan sandıq muzeyinə baş çəkdiyini deyib. Lalə Sərdarlı qeyd edib ki, onlar burada gördüklərinə yüksək dəyər veriblər. Eyni zamanda bildirib ki, Prof. Dr. Muhittin Macit mütəmadi olaraq sayğı və qayğıyla Sərdarlı ailəsinin fəaliyyətini, yaradıcılığını diqqətdə saxlayıb, Bakı Yunus Emre İnstitutunun başqanı Selçuk Karakılıç qayğısını əsirgəməyib, TRT TV kanalları dəfələrlə ailənin yaradıcılığı və həyat hekayəsi ilə ilgili süjetlər yayımlayıb. O, buna görə səfir Prof. Dr. Cahit Bağcıya dərin təşəkkürünü bildirib.

Sərdarlıların hazırladığı, özündə Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrinin, zəngin mədəni irsinin incilərini şərtləndirən elementləri ifadə edən dekorativ tətbiqi sənət nümunələrinin qardaş Türkiyədə tanıdılması ilə bağlı müzakirələrdən sonra səfir qonaqları xüsusi hədiyyələrlə təltif edib.

Lalə Sərdarlı isə Sərdarlılar ailəsinin hazırladığı Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən “Bizim qardaşlıq” adlı əsəri (mücrü) səfirə təqdim edib.

Görüş təəssüratlarını BAYRAQDAR MEDİA ilə bölüşən Lalə Sərdarlı bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin andiçmə çıxışında xüsusi önəm verdiyi türk dünyası dövlətləri ilə qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi, müqəddəs ailə institutunun, milli mənəvi dəyərlərin qorunması, bu dəyərləri zaman-zaman formalaşdıran mədəni irsin dərindən öyrənilərək geniş təbliğ edilməsi ilə bağlı məqamlar onlar üçün də əlavə stimul rolunu oynayıb.

O, dedi ki, “bizi zəfərə aparan ölkə başçımızın ortaya qoyduğu iradə və mövqe, eyni zamanda qardaş Türkiyəmizdə “İstiqlal marşı”nın 103-cü ildönümü ərəfəsində Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Sebilürrəşad Kültür və Sənət Mərkəzinin açılışı zamanı söylədiyi tarixi nitqində “Ruhunu itirmiş bir millətin cəsəddən ibarət qalacağı anlayışıyla mədəniyyətimizin, tariximizin köklərinə enməyi qayə edən hər çalışmanı dəstəkləmək boynumuzun borcudur” deməsi biz sənət, bilim adamlarını daha inamla səfərbər edir, fəaliyyətimiz üçün qarşımızda yeni üfüqlər açır. Axı indi böyük türk dünyası bizim ümumi evimizdir. Hörmətli səfir Cahit bəyin bizə təqdim etdiyi hədiyyə sıradan bir hədiyyə deyil. Bizə görə bu, sənətimizə, ortaq dəyərlərimizə göstərilən ehtiramın, rəğbətin təzahürüdür. Bu həm də bir mükafat, böyük etimaddır. Bilirsinizmi, Osmanlının şanlı tarixində özünəməxsus yer alan “Lalə dövrü” adlanan bir dönəm var. 1718-1730-cu illəri əhatə edən bu dövrdə əvvəlcə ölkə boyu gülçülük mədəniyyətinin tərəqqisi başlayır. Bununla yanaşı digər sahələrdə mədəni pərvəriş, sənətə rəğbət, sənətkarlara ehtiram sürəkli şəkildə çoxalır. Bax, bizə təqdim edilən o qiymətli əl işinin üzərindəki təsvirlər məşhur “Lalə dövrünün” əsas elementlərini sərgiləyir. Qardaş Türkiyə sənətkarının yüksək zövqlə hazırladığı bu gözəl əl işinin bizə təqdim olunması sanki bir xüsusi törən idi mənim üçün. Bu, məni çox duyğulandırdı. Ümumilikdə görüşümüz çox məhsuldar oldu. Gələcəkdə ortaq mədəni irsimizin qorunması, öyrənilməsi və təbliği ilə bağlı birgə fəaliyyətimizin təməl prinsipləri əməli qaydada müəyyənləşdi”.

Mission News Theme by Compete Themes.