BAYRAQDAR MEDİA – Yaz mövsümi ilə əlaqədar insanların immun sistemində müəyyən təbii dəyişikliklər olur. İnfeksiyaların yayılması insanların yoluxmasına və xəstələnmə hallarına gətirib çıxarır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “ilk növbədə hava-damcı yolu ilə yayılan qrip və digər respirator virus infeksiyalarına yoluxma hallarına daha çox rast gəlinir. Hərarəti yüksək olan, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri, yəni asqıraq, öskürək, burunaxma və ya buruntutulması, boğaz ağrısı müşahidə edilənlər təmasda olduğu digər şəxsləri yoluxdurmamaq üçün gigiyenik vasitələrdən istifadə etməlidirlər”.
Sonra xəbərdə deyilir ki, “Nazirlik qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar qeyri-iş və istirahət günlərində əhalinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması məqsədi ilə insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, ümumi gigiyena tələbləri, habelə digər profilaktik qaydalara riayət olunmasını tövsiyə edir. Eyni zamanda, ilin bu mövsümündə orqanizmin immun sisteminin gücləndirilməsi məqsədi ilə gündəlik qidalanma rejiminə vitamin və minerallarla zəngin məhsulların daxil edilməsi vacibdir”.
Qeyd edək ki, Nazirlik sonda hər bir vətəndaşın öz sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafdakıları infeksiyalara yoluxmadan qorumalı olduğunu bildirib.