BAYRAQDAR MEDİA – Azərbaycan dünyəvi dövlətdir. Burada şəriət deyil, Konstitusiya hakimdir. O baxımdan hər bir vətəndaşın, eyni zamanda Azərbaycana qonaq gəlmiş şəxsin bunu diqqətdə saxlaması lazımdır.
Sözümüzün canı var.
Türk millətinin ən qədim – minillərin ötəsindən gələn Novruz-Ergenekon bayramı günlərindəyik. Bu bayram ta Altaylardan, Doğu Türküstandan Balkanlara qədər böyük bir türk coğrafiyasında qeyd edilir. Ergenekon – türklərin qurtuluşu elə bir bayramdır ki, buna biganə qalacaq, yad baxacaq heç bir türk ola bilməz.
2024-cü ilin Novruz bayramı həm də dünya müsəlmanlarının oruc tutduğu ramazan ayı ilə üst-üstə düşür. Bu baxımdan müsəlmanlar oruc tutur, gün ərzində heç bir qida qəbul etmir. Eyni zamanda Novruz təamlarını da yemək yalnız gün batandan gün çıxanadək olar.
Bir də baxırıq ki, bəzi şəxslər islam dinini müdafiə adı altında başqalarının – oruc tutmayan, dinlə əlaqəsi olmayanların işinə qarışır.
Bu “din təəssübkeşləri” deyir ki, niyə kimlərsə içki içir, yemək yeyir, oruc tutmur?
Bunların ağlınca Azərbaycan sanki bir şəriət dövlətidir, hər kəs də şəriətlə yaşamalıdır. Halbuki izah etməyə çalışırıq ki, Azərbaycan dünyəvi dövlət olduğu üçün şəriətlə deyil, Konstitusiya ilə idarə edilir. Yəni hər bir vətəndaşın yalnız Konstitusiya çərçivəsində yaşamaq-davranmaq öhdəliyi var. Heç bir Azərbaycan vətəndaşının şəriətə görə davranması tələbi yoxdur, ola da bilməz. Əlbəttə, kimsə şəriətə uyğun davranarsa, Konstitusiyamız buna da imkan verir. Yəni seçim azaddır. Lakin şəriətə uyğun davrananların başqalarından da bunu tələb etmə haqqı yoxdur. Dedik axı, Azərbaycan bir dünyəvi dövlətdir.
Ona görə də bu bayram günlərində heç kim qanqaraçılıq salıb ürək bulandırmasın ki, ay aman, filankəs içki içdi, yemək yedi, rəqs elədi.
Kimsə oruc tuturmu? Tutsun, haqqıdır, hörmətlə yanaşırıq.
Kimsə bu günlərdə içki içirmi? İçsin, haqqıdır, hörmətlə yanaşırıq.
Kimsə bu günlərdə bayram, şadyanalıq edir, yenək-içməkli məclislər keçirir? Keçirsin, haqqıdır, hörmətlə yanaşırıq.
Kimsə ümumiyyətlə oruc tutmur? Tutmasın, buna da hörmətlə yanaşırıq, haqqıdır deyirik.
Yəni dünyəvi dövlət olan, ən yüksək qanunu Konstitusiya olan Azərbaycanda bütün bunlar vətəndaşın hüququ çərçivəsindədir. Ona görə də heç kim bir başqasının bu yöndəki seçimlərinə də qarışa bilməz, qarışmasın.
Bir daha qeyd edirik, əgər kimsə şəriət çərçivəsində nəsə etmək istəyirsə, etsin, amma bunu başqalarından tələb etməsin, etməyə ixtiyarı da yoxdur.
Altını cızaraq vurğulayırıq: Azərbaycan şəriətlə deyil, Konstitusiya ilə idarə edilir. Azərbaycan dini deyil, dünyəvi dövlətdir. Ona görə də kimisi istər içki içər, kimisi də istər oruc tutar. Nə içki içənin oruc tutanın, nə də oruc tutanın içki içənin işinə qarışmağa haqqı yoxdur.
Sonda: Bəzi müsəlmanlar elə hesab edir ki, Allah onları başqalarının başının ağası təyin edib. Elə deyil, ayılın. Allahla bəndə arasına girməyin özü elə allahsızlıqdır ki, bunu də siz “müsəlmanlar” özünüzə rəva bilirsiniz…