Son yeniləmə: 18 Mart 2024 14:39
BAYRAQDAR MEDİA – Martın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan NATO Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində Y.Stoltenberq fəxri qarovulun önündən keçib, protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb. Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir 30 illik işğal və indiki dövrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib.
Nümayəndə heyətinə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan şərti sərhəddindəki cari vəziyyət barədə ətraflı məlumat verilib. Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib”.
Sonra xəbərdə deyilir ki, “göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Y.Stoltenberq Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı və NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə fəaliyyətlərini yüksək qiymətləndirib. O, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb”.
Sonda kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrin digər sahələrində inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.