BAYRAQDAR MEDİA – Martın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi (21 mart 1914) münasibəti ilə “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşadan əvvəl aktyorun teatr və kino fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib. Aktyorun sənət dostları Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, İlham Namiq Kamal, teatrşünas, Prof. İlham Rəhimli çıxış edərək milli teatr sənətində Hüseynağa Sadıqovun yaratdığı misilsiz rollardan, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışaraq, xatirələrini bölüşüblər”.
Daha sonra Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa nümayiş olunub. Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Elnur Bəhrəmxan, aktyorlar Kərəm Hadızadə, Təhminə Məmmədova, Ceyhun Məmmədov, Ədalət Əbdülsəməd, Natiq Fərzəliyev, Anar Səfiyev, Dilarə Fərəcullayeva, Hüsniyyə Əhmədova, Gülbəniz Lətifova, İlahə Əmirxanova, Fəridə Qurbanova, İmran Qurbanov, Ümman Budaqov, İmdad Tofiqoğlu, Ramil Məmmədli, və Davud Musayev iştirak ediblər.