Press "Enter" to skip to content

Özbəkistanda Novruz bayramına həsr olunmuş tədbir

Bayram tonqalı

BAYRAQDAR MEDİA – Novruz bayramı münasibəti ilə qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Özbəkistanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, yerli azərbaycanlılar, universitetlərin professor və müəllimləri, jurnalistlər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları üçün Novruz adət və ənənələrinə uyğun olaraq tonqal qalanıb. Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblının uşaqları bayram tonqalının ətrafında Azərbaycan xalq rəqsi “Yallı”nı ifa ediblər. Sonra bayram tədbirini Mərkəzin direktoru Samir Abbasov açaraq tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib. O, Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilən Novruz bayramının Azərbaycan xalqının mədəniyyət abidəsi kimi milli mədəniyyət tarixindəki başqa abidələrdən öz əlamətdar xüsusiyyətlərinə görə fərqləndiyini söyləyib. S.Abbasov Azərbaycan xalqının min illərlə yaşatdığı, milli dəyərləri, yaşam tərzini, mədəniyyəti, sənəti özündə əks etdirən Novruz bayramının Azərbaycanda keçirilməsi və Novruz adətləri haqqında məlumat verib. Diplomat bildirib ki, Ümummilli Lider Heydər Əliyev milli adət-ənənələrə, o cümlədən Novruz bayramına xüsusi önəm verib. S.Abbasov həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması və inkişafı siyasəti uğurla həyata keçirilir”.

Daha sonra xəbərdə, “Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Prof. Erkin Nuriddinov, Özbəkistan Ali Məclisinin millət vəkili Gülbaxor Saiddqaniyeva çıxışlarında ortaq tarix, mənəvi köklər, dəyərlər və zəngin mədəniyyətin təcəssüm etdiyi və Türk dünyasında geniş qeyd olunan Novruz bayramını qardaş xalqların yaxınlığının göstəricisi olduğunu deyiblər. Sonra Novruz bayramının Azərbaycanda qeyd olunmasına dair videomaterial nümayiş etdirilib” deyə bildirilir.

Tədbirin bədii hissəsində Mərkəzin nəzdində fəaliyyət göstərən “Kaykeb Əliyeva adına rəqs ansamblı” çıxış edib. Həmçinin tədbir müğənnilər – Rəna Əzizova, Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Olima Mahmudova və saz ustası İlham Abdullayevin ifasında Azərbaycan və Özbək mahnıları ilə davam edib.

Qeyd edək ki, tədbir iştirakçıları milli yeməklərə, şirniyyatlara qonaq ediliblər.

Mission News Theme by Compete Themes.