BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Kukla Teatrı “GID CSR Consulting” şirkətinin təşkilatçılığı və “Baku Elektronics” şirkətinin dəstəyi ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində repertuarındakı baxımlı səhnə nümunələrindən biri – “Məlikməmməd” tamaşasını nümayiş etdirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “regionlarda uşaq və yeniyetmələrin teatra sevgi ruhunda yetişməsi, onlarda teatra vərdişin formalaşması məqsədi ilə reallaşan aksiya tamaşaçıların ürəyincə olub. Xalq nağılı əsasında yeni tərtibat və kukla texnikasında hazırlanan tamaşada canlı planda oyun ilə kiçik ölçülü kuklaların vəhdətinə çalışılıb. Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada rolları Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov, İqbal Əliyev, Səbinə Məmmədova və başqaları ifa ediblər”.
Qəhrəmanlıq, cəsarət və dürüstlük aşılayan səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.