Press "Enter" to skip to content

Həm səfər, həm də imzalanan sənədlər strateji önəm kəsb edir

Vüqar İskəndərov

Son yeniləmə: 18 Mart 2024 12:02

Vüqar İskəndərov: Bütün bunlar yeni dönəmdə TDT-nin qlobal güclərdən biri olaraq meydana çıxmasında önəmli rol oynayacaq

BAYRAQDAR MEDİA – “Son illər türk dünyasının daha da sıx inteqrasiyası üçün mühüm və davamlı addımlar. Bu addımların mərkəzində dayanan əsas ölkələrdən birinin məhz Azərbaycan olması isə bizi ikiqat sevindirir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin ötən həftə Azərbaycana reallaşan dövlət səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Öncə onu deyim ki, həm səfər, həm də imzalanan sənədlər strateji önəm kəsb edir. Səfər zamanı hər iki dövlət başçısının səsləndirdiyi bəyanatlar, o cümlədən Qazağıstanla Azərbaycan arasında imzalanan sənədlər, türk dünyasının daha da inkişafı, daha da dərin inteqrasiyası məsələsinin yeni dövrdə də gündəmin əsas mövzusu olacağını bir daha sərgilədi. Biz bunu prezidentlərin verdikləri bəyanatlarda, o cümlədən Qazaxıstan Prezidentinin səfərdən öncə verdiyi müsdahibədə də görürük. Məsələn, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev səfərdən öncə mediaya müsahibəsində “Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucularıdır. Qurumun yaradılması təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürülüb və müqavilənin özü qədim Azərbaycan torpağında imzalanıb. Həmin andan demək olar ki, on beş il ötüb və indiyə qədər bizim ümumi təşkilatımız institusionallaşma yolunda uzun məsafə qət edib” dedi. Azərbaycan Prezidenti isə martın 11-də mətbuata verilən birgə bəyanat zamanı “biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir” deyə bəyan etdi. Hesab edirəm ki, bu fikirlər TDT-nin dünəni, bu günü və gələcəyi haqqında ümumi dəyərləndərməyə kömək edir” deyə bəyan etdi”.

V.İskəndərov əlavə edib ki, son proseslər, o cümlədən Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı imzalanan sənədlər təkcə iki qardaş ölkənin deyil, ümumilikdə türk dünyasının inkişafına xidmət edir: “Hesab edirəm ki, bütün bunlar yeni dönəmdə TDT-nin qlobal güclərdən biri olaraq meydana çıxmasında önəmli rol oynayacaq”.

Mission News Theme by Compete Themes.