Press "Enter" to skip to content

Azərbaycan və Qazaxıstan qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsində maraqlıdır

Vüqar Bayramov

Son yeniləmə: 18 Mart 2024 15:33

Vüqar Bayramov: Bütövlükdə iki qardaş ölkə arasında münasibətlərin dərinləşməsi türk dövlətləri arasında inteqrasiyanın daha da sürətlənməsinə imkan yaradır

BAYRAQDAR MEDİA – “Azərbaycanla Orta Asiya, o cümlədən Qazaxıstan arasında iqtisadi əlaqələrin daha da genişlənməsi müşahidə olunur. Nəzərə alsaq ki, iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ildə 134,7 milyon dollar idi, bu rəqəm 2022-ci ildə 598,5 milyon dollara qədər yüksəlib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, qeyd edib ki, praktik olaraq son illər bir tərəfdən ticarət dövriyyəsində artımlar müşahidə olunur: “Digər tərəfdən isə biz birgə layihələrin və iqtisadi əlaqələrin güclənməsini müşahidə edirik. Bu kontekstdən həm Transxəzər marşrutu üzrə əməkdaşlıq və bütövlükdə Xəzər dənizinin enerji resurslarının bazarlara çıxarılması ilə bağlı əməkdaşlığın gücləndirilməsi, həm də beynəlxalq yükdaşımalarda, o cümlədən Orta Dəhlizin daha yaxından reallaşmasında hər iki ölkənin payının və töhfəsinin artması müşahidə olunur”.

Qazaxıstan Prezidenti Qasım-Jomar Toqayevin Azərbaycana son səfərinin iqtisadi əlaqələrin daha da dərinləşməsinə təkan verəcəyini deyən V.Bayramov bildirib ki, Azərbaycan və Qazaxıstan qardaş ölkələr olaraq qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsində maraqlıdır: “Xüsusən Türk Dövlətləri Təşkilatı çərçivəsində investisya fondlarının yaradılması ondan xəbər verir ki, tərəflər bu istiqamətdə daha çox sərmayə qoyuluşunu, daha çox addımların atılmasını hədəfləyirlər. Bu kontekstdə gözlənti ondan ibarətdir ki, ölkələr arasında ticarət dövriyyəsində artımlar müşahidə olunmaqla yanaşı, investisiya qoyuluşlarında da, investisiya portfelində də artımlar qeydə alınacaq”.

Vurğulanıb ki, bütövlükdə iki qardaş ölkə arasında münasibətlərin dərinləşməsi türk dövlətləri arasında inteqrasiyanın daha da sürətlənməsinə imkan yaradır: “Bu iqtisadi, sosial, humanitar və strateji sahələrdə özünü bir daha təsdiq edir. Bu isə ondan xəbər verir ki, tərəflərin iqtisadi əməkdaşlığı, eyni zamanda əlaqələrinin növbəti illərdə daha da güclənməsi və dərinləşməsi müşahidə olunacaq”.

Mission News Theme by Compete Themes.