Press "Enter" to skip to content

Səhiyyə Nazirliyində COP-29-da səhiyyə mövzusuna dair görüş

Toplantıdan görüntü

BAYRAQDAR MEDİA – Azərbaycanda bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bununla əlaqədar respublikanın aidiyyatı qurumları tərəfindən müvafiq tədbirlər təşkil olunur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “martın 14-də SN-də COP-29-da səhiyyə mövzusuna dair Azərbaycanın bir neçə dövlət qurumu ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə və iqlim məsələləri üzrə məsul şəxslər və ekspertləri ilə görüş keçirilib. Görüşdə COP-29 danışıqlar qrupunun üzvləri olan ÜST-nin məsul şəxsləri – İctimai Səhiyyə, Ətraf Mühit və Sosial Müəyyənedicilər Departamentinin direktoru Mariya Neyra, Avropa üzrə Regional Ofisinin Yoluxucu Xəstəliklər, Ətraf Mühit və Sağlamlıq Departamentinin direktoru Robb Batlerin və ÜST-nin digər əməkdaşları, həmçinin Azərbaycan Respublikası Prezident Administrasiyası, Səhiyyə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri iştirak ediblər”.

Daha sonra xəbərdə, “toplantıda çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov qlobal səhiyyənin COP çərçivəsində prioritet olmasını vurğulayıb. Onun sözlərinə görə, qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə, eyni zamanda qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməsində mühüm rola malikdir. COP-29 danışıqlar qrupunun üzvləri noyabrda Azərbaycanda təşkil olunacaq tədbirin ölkəmiz və region üçün mahiyyətini və vacibliyini qeyd ediblər. Onların sözlərinə görə, COP29-un bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi Azərbaycana olan beynəlxalq etimadın daha bir göstəricisidir” deyə qeyd olunur.

Sonda mövzu ətrafında faydalı müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.