Son yeniləmə: 15 Mart 2024 09:33
Zaur Bayramlı: Ən xırda bir məsələdə belə küsəyən uşaq kimi qaçıb öz ölkəsini hansısa bir Semə, Coniyə şikayət etməyi və onlardan mədət ummağı yanlış hesab edirəm
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, bu ilin başlanğıcında Azərbaycanda tarixi siyasi proses baş verdi. Fevralın 7-də ölkədə növbədənkənar prezident seçkisi keçirildi. Bu seçkinin tarixi olması onunla əlaqədar idi ki, müstəqil Azərbaycanda bütün ölkə ərazisində keçirilən ilk seçki idi. Çünki 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfər, həmçinin 2023-cü ilin sentyabrında keçirilən birgünlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa edilib. Bu tarixi zəfər isə məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilib. Ona görə də Azərbaycan vətəndaşları, o cümlədən xaricdə yaşayan, yaxud təhsil alan soydaşlarımız bu seçkidə böyük məmnuniyyətlə iştirak etdi. Onlardan biri də hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlıdır. Qeyd edək ki, seçki günü olduqca maraqlı və təsirli paylaşım edən Zaur Bayramlı bu günlərdə BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
Həmin paylaşımı etmək içimdən gəldi
-Zaur bəy, seçki günü etdiyiniz paylaşım ictimaiyyət, o cümlədən medianın gündəmində oldu. Ümumiyyətlə həmin paylaşımı etməyə ehtiyac haradan yarandı?
-Öncə onu deyim ki, o paylaşımı etmək içimdən gəldi. Mən şəffaf insanam – çox vaxt atdığım addımları cəmiyyətimizlə paylaşıram. Bəziləri kimi üzdə bir cür danışıb, arxada başqa cür hərəkət etmirəm. Mən 2003-dəki addımımın da doğru olduğuna inanıram – o günün şərtlərindən baxdığımızda. İndiki addımımın da doğru olduğuna inanıram – bu günün şərtlərindən və reallıqlarından baxdığımızda.
Azərbaycan müxalifətində ekstremal şəraitlərdə ani qərarlar ala biləcək liderlər yoxdur
-Necə hesab edərsiniz, həmin paylaşımda adını sadaladığınız müxalifət liderləri niyə uğur qazana bilmirlər? Demək olarmı ki onlarda lazım olan anda vacib olan qətiyyəti nümayiş etdirmək çatışmır?
-Ən doğrusu bu olardı ki, məlum paylaşımda adlarını çəkdiyim müxalifət təmsilçilərinin niyə siyasi uğur(lar) qazana bilmədiklərini özləri açıqlasınlar, xalqa hesabat versinlər və müəyyən şeyləri etiraf etsinlər. Amma təəssüf ki, Azərbaycanda bu siyasi mədəniyyət, bu ənənə formalaşmayıb. Heç kim özünütənqidi, özünü sorğulamağı sevmir – 30 illik müşahidələrimə əsasən deyirəm bunu. Nəticəli uğur qazana bilməmələrini sadəcə bir faktora bağlamaq doğru olmazdı. Bunda həm daxili, həm də xarici faktorların təsiri var təbii ki.
Mənə görə Azərbaycan müxalifətinin çox hissəsi vətənsevər olsa belə, ən çatışmayan tərəfləri xalqla birbaşa işləyə, canlı təmasa keçə, bir anlamda xalqa toxuna bilməmələridir. Misal üçün, bir müxalifət liderini görməzsiniz ki, gedib hansısa ucqar bir kəndin çayxanasında oturub sadə insanlarla siyasətçi kimi yox, elə sadə insan kimi söhbət etsin. Və yaxud çoxsaylı Şəhid cənazələrimizdə də demək olar ki, iştirak etmirlər. Məncə şəhid cənazələrində iqtidarlı-müxalifətli hər iki tərəf oranı siyasət meydanına çevirmədən iştirak etməli, o insanların dərdlərini bölüşməlidirlər. Amma buna ya heç rast gəlmirik, ya da çox nadir hallarda rast gəlirik. Bundan əlavə, hesab edirəm ki, Azərbaycan müxalifətində mərhum Elçibəydən sonra ekstremal şəraitlərdə ani qərarlar ala biləcək liderlər yoxdur. Liderdə bir anlamda “dəli cəsarəti” deyilən şey də olmalıdır. Bir də ki, mən “nicat yolu”nun ölkə içində yox, xaricində axtarılmasını çox yanlış hesab edirəm. Ən xırda bir məsələdə belə küsəyən uşaq kimi qaçıb öz ölkəsini hansısa bir Semə, Coniyə şikayət etməyi və onlardan mədət ummağı yanlış hesab edirəm.
Müxalifət nə qədər milli və konstruktiv olarsa, ölkə və xalq olaraq daha çox uğur əldə edərik
Türkiyənin məşhur siyasət və dava adamı, mərhum Muhsin Yazıcıoğlu Böyük Britaniya səfəri zamanı İngiltərə parlamentində onu Türkiyə höküməti əleyhinə danışmağa təşviq edənlərə “Mən öz hökümətimi yad çatılar altında tənqid etmərəm” demişdi. Bütün hallarda müxalifət bir ölkə üçün olmazsa olmazdır və demokratik sistemin vazkeçilməz bir parçasıdır. Amma müxalifət nə qədər milli və konstruktiv olarsa, ölkə və xalq olaraq daha çox uğur əldə edərik.
Bu zəfər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün böyük qürur və özgüvən mənbəyi oldu
-Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər dünya azərbaycanlılarına nə verdi?
-İlham Əliyev və onun Ali Baş Komandanı olduğu qəhrəman Ordumuz 200 ildən çox davam edən məğlubiyyət və uğursuzluq gedişatını tərsinə döndərməyi bacardı. Təbii ki, Ordumuzun, Dövlətimizin və Xalqımızın İlham Əliyevin liderliyindəki tarixi uğurları həm Azərbaycandan kənarda – dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün böyük qürur və özgüvən mənbəyi oldu, həm də bizi daha böyük işlər görməyə sövq edən bir stimul oldu. Çalışmalıyıq ki, bu tarixi uğurların əbədiyyət qazanması üçün əlimizdən gələni edək. Bu zəfər həm də Güney Azərbaycanımız üçün bir inam, güc və stimul qaynağı oldu və onlarda da apardıqları mübarizənin zəfərlə sonuclanacağına dair ümidləri artırdı.
Biz türk birliyi olaraq güclənib böyüdükcə, ermənilər bir o qədər kiçilib cılızlaşacaqlar
-Deyə bilərikmi ki, İlham Əliyevin qətiyyəti dünya erməniliyini məğlub etdi?
-“Ermənilik” deyilən şey çoxdandır ki, bir milləti ifadə etməkdən daha çox bir xarakteri, daha doğrusu bir xaraktersizliyi ifadə etməkdədir. Bu baxımdan, Anadolulu qardaşlarımız demişkən, “can çıxar, huy (xasiyyət) çıxmaz”. Ona görə də dünya erməniliyinin belə asanlıqla təslim olacağını zənn etmirəm. Onlar dünyadakı bütün imkanlarını revanşist addımlar istiqamətində səfərbər etməyə çalışacaqlar və çalışırlar. Son aylarda başda Fransa olmaqla bəzi Batı ölkələrinin, bəzən də qonşu İranın dəstəyini arxalarına alaraq etmək istədikləri yaramazlıqlar bunun kiçik bir örnəyidir.
Ona görə də “erməniliyi” tamamən məğlub etmək bizim həm dövlət, həm də diaspor olaraq çox güclü işləməyimizdən, eyni zamanda beynəlxalq əlaqələrimizi gücləndirməkdən keçir. Təbii ki, Türk dünyası faktorunu da unutmamalıyıq. Türk dünyası bizim üçün bir şansdır və bu şansdan maksimum, həm də doğru şəkildə istifadə etməliyik. Biz türk birliyi olaraq güclənib böyüdükcə, ermənilər bir o qədər kiçilib cılızlaşacaqlar.