BAYRAQDAR MEDİA – Bakıda martın 14-16-da XI Qlobal Bakı Forumu keçirilir. Forum çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin müavini, BMT İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) İcraçı direktoru xanım Vinni Byanyima arasında görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə UNAIDS-in Asiya-Sakit Okean, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Dəstək Qruplarının direktoru İmonn Merfi də iştirak edib. Qonaqları salamlayan T.Musayev Qlobal Bakı Forumunda iştirak etdiyinə görə BMT-nin Baş katibinin müavininə təşəkkürünü bildirib. Nazir çıxışında Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini də diqqətə çatdırıb. O həmçinin, Azərbaycanın İİV/QİÇS-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer aldığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda 2006-cı ildən etibarən İİV-lə mübarizədə milli strateji istiqamətlərin qorunub saxlanılması üçün UNAIDS/ÜST-nin dəstəyi ilə hər 5 ildən bir Nazirlər Kabinetinin “İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqram”ları qəbul olunur. Nazir çıxışının sonunda dünyada İİV/QİÇS-in təsirləri ilə mübarizə aparmaq və onları azaltmaq üçün davam edən birgə səylərin, həmçinin potensial əməkdaşlıq imkanların mövcudluğunu qeyd edib”.
Daha sonra xəbərdə deyilir ki, “öz növbəsində V.Byanyim ötən il Prezident İlham Əliyevlə görüşünü və yubiley Qlobal Bakı Forumunda iştirakını xatırladıb. O, Bakıda keçirilən forumun hər zaman çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. BMT-nin Baş katibinin müavini Azərbaycanın səhiyyə sahəsində, o cümlədən yoluxucu xəstəliklər və AİDS-ə qarşı mübarizədə qazandığı uğurları qeyd edərək, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu bildirib”.
Görüşdə tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.