Press "Enter" to skip to content

Mətbuat Şurası geniş müzakirə apardı, təltif etdi

İclasdan görüntü

BAYRAQDAR MEDİA – Mətbuat Şurası Novruz bayramı ərəfəsində, 15 martda özünün qurulmasının 21-ci ildönümündə İdarə Heyətinin toplantısını keçirib. Toplantının açılışında çıxış edən MŞ sədri Rəşad Məcid bu münasibətlər iştirakçıları təbrik edib.

Xəbəri BAYRAQDAR MEDİA-ya MŞ-dan veriblər.

Sədr son iclasdan sonra görülmüş işlərlə bağlı məlumat verib. O, bildirib ki, ötən müddətdə MŞ yenə də məhsuldar işləyib.

Rəşad Məcid bildirib ki, fevralın 7-nə təsadüf edən prezident seçkisində medianın iştirakı yüksək səviyyədə olub, seçki günü MŞ-nin qaynar xətti fəaliyyət göstərib. Sədr deyib ki, jurnalistlər səsvermə günündə fəal müşahidə aparıblar, yalnız bir dəfə anlaşılmazlıqla rastlaşıblar.

MŞ sədri deyib ki, öncəki iclasdan ötən müddətdə MŞ ömrünü jurnalist peşəsinə həsr etmiş şəxslərlə bağlı 5 yubiley toplantısı təşkil edib, 3 dünyasını dəyişmiş jurnalistlə bağlı nekroloq yayımlayıb. Əlavə olaraq Şura xarici media təmsilçiləri ilə 4 görüş keçirib.

O da bildirilib ki, “MŞ Medianın İnkişafı Agentliyi ilə birgə bəyanat yayaraq, fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülərin paylaşılmasına və həmin xüsusda yol verilmiş peşə pozuntularına münasibət bildirib”.

Eyni dövrdə “Şuranın və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı olub”.

“İclasda MŞ-nin Katibliyi tərəfindən Şuranın Şikayətlər üzrə Komissiyasının 14 mart 2024-cü il tarixdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindəki “Azərbaycan Mətbuat Şurası” auditoriyasında keçirilmiş iclasında müzakirəyə çıxarılmış məsələlər barədə məlumat verilib. “Azərbaycan Hakimlər Assosiasiyası” İctimai Birliyinin bir sıra saytlarda məhkəmələrlə bağlı yayımlanmış materiallardan narahatlığı xüsusunda bildirilib ki, media orqanları bəzən konkret məhkəmə prosesi haqqında material yayımlarkən ümumiləşdirmələrə yol verirlər. Nəticədə ölkədə məhkəmə hakimiyyəti ətrafında yanlış rəy formalaşdırılır. Buna görə də Mətbuat Şurasının belə halların yolverilməzliyini əsaslandıran, jurnalistləri həssaslıq nümayişinə çağıran tövsiyə mətninin hazırlanması qərara alınıb”, – deyə xəbərdə bildirilir.

Əlavə olaraq qeyd edilib ki, “MŞ Katibliyinin məlumatında müxtəlif vətəndaş qrupları tərəfindən Şuraya şifahi şikayətlər barədə qeydlərin mövcudluğu da diqqətə çatdırılıb. Bildirilib ki, hesabat dövründə bu qəbildən olan 10 şikayət üzrə iş aparılıb, media orqanlarından narazılıqlar qarşılıqlı razılaşmaların əldə edilməsi ilə aradan qaldırılıb”.

“İclasda Mətbuat Şurası İdarə Heyətinin üzvləri – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya 55 illikləri ilə bağlı təbrik plaketləri – diplomlar təqdim olunub. Daha bir diplomla isə 50 illik yubileyi münasibəti ilə “APA Media Group”un baş redaktoru Nurşən Quliyev təltif edilib. Hər üç jurnalistin Azərbaycanda müasir media ənənələrinin formalaşmasındakı müstəsna əməyi vurğulanıb.” Xəbərdə belə deyilir.

Sonda qeyd edilir ki, “cari məsələ ilə əlaqədar MŞ-nin media məkanımızda baş verən proseslərə, o cümlədən, jurnalistika ilə bağlı məqamlara reaksiyası ətrafında fikir mübadiləsi aparılıb. Habelə, qarşıdakı müddətdə türk dünyasının media qurumları ilə birgə toplantıların təşkilindən söz açılıb, mövcud istiqamətdəki fəaliyyət müəyyənləşdirilib”.

Mission News Theme by Compete Themes.