BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlərdən biri də tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Elçin Bilaloğlunun müəllifi olduğu “Kim üzr istəməlidir?” kitabıdır.
Kitabda çar Rusiyasının ermənipərəst siyasəti və bilavasitə köməyi ilə ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsi, erməni-bolşevik tandeminin bu ərazidə Ermənistan dövlətini necə yaratmaları və erməni millətçilərinin “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün azərbaycanlılara qarşı həyata keçirdikləri amansız qətliamlar, soyqırımları haqqında tarixi faktlar əsasında məlumatlar verilib. Məlumatlar Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri dövrləri də daxil olmaqla son 200 ili əhatə edir. Lakin məlumatların əsasını azərbaycanlılara qarşı 1988-ci ildən aparılan erməni vəhşilikləri təşkil edir.
Nəşr elmi əsərlərin yazılması tələblərinə uyğun olaraq giriş, məqsəd, material və metod, nəticələr və müzakirələr, son olmaqla 5 hissədə təqdim edilib.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabın redaktoru Sadiq Ağalar, korrektoru Fidan Məmmədli, dizayneri isə İlqar Hüseynovdur.