BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində COP-29 danışıqlar qrupunun üzvləri olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsul şəxsləri – İctimai Səhiyyə, Ətraf Mühit və Sosial Müəyyənedicilər Departamentinin direktoru Mariya Neyra və Avropa üzrə Regional Ofisinin Yoluxucu Xəstəliklər, Ətraf Mühit və Sağlamlıq Departamentinin direktoru Robb Batler ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın ÜST ilə bir çox istiqamətlərdə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin bu səhiyyə təşkilatı ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayan nazir dövlət başçısı ilə XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesusun görüşünü də qeyd edib. Həmçinin, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcəyi diqqətə çatdırılıb. T.Musayev çıxışı zamanı ÜST-nin müvafiq strukturlarının rəhbərləri ilə mütəmadi görüşlərin qarşılıqlı əlaqələrə əlavə təkan verdiyini də vurğulayıb”.
Daha sonra xəbərdə, “səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar Prezident İ.Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndiriblər. XI Qlobal Bakı Forumunda iştirakdan məmnunluğunu bildirən ÜST-nin departamentlərinin direktorları Forumun çox yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibəti ilə təbriklərini çatdıran qonaqlar bunun Azərbaycan üçün çox böyük nailiyyət olduğunu qeyd ediblər. ÜST-nin rəhbərlik etdiyi strukturların COP29-a sədrlik və bu sessiyaya ev sahibliyi prosesində Azərbaycana öz dəstəyini verməyə hazır olduğu vurğulanıb” deyə bildirilir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.