Press "Enter" to skip to content

“Polşanın kukla teatr sənəti” foto sərgisinin açılışı

Sərgi

BAYRAQDAR MEDİA – Martın 13-də Azərbaycan Dövlət Kukla Teatrında Polşanın Bakıdakı Səfirliyinin teatrla birgə layihəsi olan “Polşanın kukla teatr sənəti” foto sərgisinin açılışı olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin təşkilində məqsəd iki ölkənin kukla teatrı sənətçilərini qiyabi də olsa tanış etmək, birgə yaradıcılıq əlaqələrinin yaranmasına zəmin yaratmaqdır. Polşalı teatr təmsilçilərinin yaradıcılığına foto-səyahət olan sərginin açılışında Meksika, Slovakiya və Çilinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, diplomatik korpuslarının təmsilçiləri də iştirak ediblər. Sərginin açılışında çıxış edən Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskin hər iki ölkə arasındakı mədəni əlaqələrdən, teatr sənəti üzrə əməkdaşlıqdan söz açıb. Sərginin təşkilinə görə tərəfdaş qurumlara təşəkkür edən səfir belə tədbirlərin xalqlar arasında mədəniyyət, teatr, sənət sahəsində əməkdaşlığa töhfələr verəcəyini deyib”.

Sonra xəbərdə bildirilir ki, “Polşada kukla sənətinin qədim tarixə malik olduğunu deyən diplomat dövlət və müstəqil olmaqla çoxsaylı kukla teatrı kollektivlərinin fəaliyyət göstərdiyini, onların hər birinin janr və üslub keyfiyyətləri baxımından fərqli sənət ənənələrini yaşatdıqlarını bildirib. Polşada təşkil olunan teatr tədbirləri, festival və müsabiqələri sırasında kuklaçıların aktivlik təşkil etdiyini də əlavə edən səfir gələcəkdə bu kimi qarşılıqlı sərgi, ümumilikdə teatr sahəsində əməkdaşlığı arzu etdiklərini deyib. Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov sərgi iştirakçılarını təbrik edərək, bu tədbiri dost Polşanın teatr, kukla sənəti ilə tanışlıq üçün əla fürsət kimi dəyərləndirib. O, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın vacibliyini, teatrın, yaradıcılığın ən universal və təsirli növü kimi birləşdirici gücə malik olduğunu qeyd edib”.

Xəbərdə həmçinin “5 gün davam edəcək sərgidə peşəkar fotoqraf Aydın Sadıxovun Polaşanın ayrı-ayrı kukla teatrlarında çəkdiyi 20-dən artıq fotoşəkil sərgilənir. Polşada kukla sənətinin tarixi və inkişafı ilə tanış olmaq üçün unikal imkan olan bu sərgi fotoqrafın Polşanın məşhur kukla teatrlarına – Varşavadakı “Baj” və Krakovdakı “Groteska” teatrlarına səfərlərinin nəticəsidir. Şəkillərdə göstərilən kuklaların hamısı yüksək bədii dəyərə malik əl işləridir. Xatırladaq ki, Polşa uzun və maraqlı kukla teatrı tarixinə malikdir. Burada ilk kukla tamaşalarının nümayiş tarixi XV əsrə gedib çıxır. Həmin vaxtlar kukla ifaçıları küçələrdə və şəhər meydanlarında tamaşalar göstərərək bütün ölkəni gəzirdilər” deyə qeyd olunur.

Hazırda Polşanın demək olar ki, hər şəhərinin öz kukla teatrı var. Onların ən məşhurları Varşavada, Krakovda, Lodzda, Şetsində, Olştnda, Torunda, Belostokda, Vrotslavda, Opoledə, Slupskda, Lomzada və Lublində yerləşir. Özü də bu teatrların əksəriyyəti uşaq, kukla tamaşaları ilə kifayətlənmir, böyüklər üçün də çoxsaylı kukla tamaşaları hazırlayırlar.

Mission News Theme by Compete Themes.