BAYRAQDAR MEDİA – Qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan mütəfəkkirlərinin əsərlərinin tərcüməsi və nəşrinə dair daha bir layihə həyata keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “layihəyə uyğun olaraq Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin özbək dilində nəşr olunmuş “Qılınc və qələm” tarixi romanının təqdimatı ilə bağlı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində tədbir keçirilib. Tədbir iştirakçıları öncə Universitetin foyesində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Nizami Gəncəvi yaradıcılığına aid Özbəkistanda özbək dilində reallaşdırılan nəşrlərdən ibarət “Gəncədə doğan günəş” adlı kitab sərgisi ilə tanış olublar. Universitetin konfranslar zalında davam edən tədbiri giriş sözü ilə açan Universitetin kafedra müdiri və N.Gəncəvi adına Beynəlxalq Elmi-Tədqiqatlar Cəmiyyətinin sədri, Prof. Nurbay Cabbarov bu tarixi romanın özbək dilində nəşrini Özbəkistan ədəbi həyatı üçün tarixi hadisə kimi qiymətləndirib. Natiq ötən müddət ərzində Özbəkistanda sözügedən Mərkəzin apardığı sistemli iş nəticəsində Azərbaycan yazıçılarının əsərləri, habelə dahi N.Gəncəvi haqqında yazılan bədii, elmi-tədqiqat əsərlərinin tərcümə və çapının həyata keçirildiyini qeyd edib və bu sahədə boşluqların tam aradan qaldırıldığını vurğulayıb”.
Sonra xəbərdə, “sözügedən Universitetin prorektoru, Prof. Sultan Nurmatov Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin dərin, qədim köklərindən söz açaraq iki qardaş ölkə arasında ədəbi əlaqələrin mədəni əlaqələr kimi yüksək səviyyəyə çatdığını, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 10 ildə Azərbaycan ədəbiyyatına dair yüzlərlə nəşrin özbək dilinə tərcümə edilərək çap edildiyini bildirib. Ardınca çıxış edən Mərkəzin direktoru Samir Abbasov iki ölkə arasında ədəbi əlaqələrdən danışıb, özbək oxucularında Azərbaycan müəlliflərinin əsərlərinə böyük maraq olduğunu qeyd edib. Daha sonra çıxış edənlər – Prof. Abdulla Uluqov, tərcüməçi alim Babaxan Şərif, Prof. Uzoq Coraqulov, Dos. Gülbahar Aşurova “Qılınc və qələm” tarixi romanında M.S.Ordubadinin N.Gəncəvi obrazını 300-dən çox tarixi mənbə və fakta əsaslanaraq yaratdığını qeyd ediblər” deyə bildirilir.
Sonda Mədəniyyət Mərkəzi tərəfindən Universitetdə yaradılmış Məhəmməd Füzuli adına Elmi-tədqiqatlar Mərkəzinin “Füzuli dilbəndləri” qiraət qrupunun çıxışında klassiklərə aid Azərbaycan və özbək dillərində şeirlər səsləndirilib.
Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan sözügedən tarixi romanın özbək dilinə tərcüməçiləri alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur. Nəşrin redaktoru və ön sözün müəllifi isə Özbək alim Abdulla Uluqovdur. Özbək dilində nəşr olunmuş romanın Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına paylanması nəzərdə tutulub.